REGİONLAR


Şimal bölgəsinə ekskursiyanın sonuncu ünvanı muzeylər və parklar şəhəri Xaçmazdır VİDEO

Xaçmaz, 21 noyabr, Elxan Yusifli, AZƏRTAC

Prezident İlham Əliyevin tövsiyəsinə əsasən keçirilən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində 400-dən çox şagirdin şimal bölgəsi ilə tanışlığı Xaçmaz şəhərində başa çatıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şamaxı, İsmayıllı, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ağsu, Qobustan və Yevlax məktəblərinin şagirdləri ekskursiyanın sonuncu günü muzeylər və parklar şəhəri adlanan Xaçmazın görməli yerləri ilə tanış olublar.

Ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri şəhərin mərkəzindəki Heydər Əliyev parkında qarşılanıb, buradakı Heydər Əliyev Mərkəzində olublar.

Daha sonra məktəblilər Xaçmaz şəhərində Azərbaycanın görkəmli şair və yazıçılarının, mədəniyyət və incəsənət xadimlərinin büstü qoyulan, açıq səma altında yaradılan Şəxsiyyətlər muzeyinə gəliblər. Ekskursiya iştirakçılarına 2006-cı ildə yaradılan muzey-park haqqında ətraflı məlumat verilib.

Tur-aksiya iştirakçıları 2013-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən Xaçmaz Rayon Tarix-Diyarşünaslıq Muzeyini də ziyarət ediblər. Diqqətə çatdırılıb ki, muzeydə həm ölkəmizin, həm də Xaçmaz rayonunun tarixini əks etdirən və turistlər üçün maraq doğuran çoxlu sayda eksponat var.

Məktəblilər Xaçmaz Dövlət Rəsm Qalereyası ilə tanışlıqdan sonra Bayraq Meydanı Kompleksinə gəliblər.

Meydan və Çənlibel parkında gəzintidən sonra məktəblilər ekskursiyalarını başa vuraraq, yaşadıqları şəhər və rayonlara yola düşüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.