REGİONLAR
Şimal rayonlarından olan yüzə yaxın məktəbli maarifləndirici tur-aksiyaya qoşulub
Xaçmaz, 13 noyabr, Elxan Yusifli, AZƏRTAC
Noyabrın 13-də “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunan tur-aksiyanın şimal rayonlarından olan iştirakçıları Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə yola çıxıblar.
AZƏRTAC xəbər verir ki, qərb bölgəsinə ekskursiyada Xaçmaz və Siyəzəndən yüz nəfərə yaxın yuxarı sinif şagirdi, onları müşayiət edən müəllimlər iştirak edirlər.
Xaçmaz şəhərindən yola çıxan tur-aksiya iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, dahi rəhbərin xatirəsini ehtiramla anıblar.
Rayon icra hakimiyyəti başçısının müavini İlhamə Nəzərova məktəblilərə Prezident İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiyanın əhəmiyyətindən danışıb. Bildirilib ki, ümumtəhsil məktəblərinin şagirdləri və onların müəllimləri noyabrın 13-dən 16-dək qərb bölgəsinə səyahət zamanı səyahət etdikləri şəhər və rayonların tarixini, mədəniyyətini, əhalinin həyat tərzini və məişətini əks etdirən abidələrlə, muzeylərlə, ərazinin turizm potensialı, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası istiqamətində görülən işlər və həyata keçirilən infrastruktur layihələri ilə yaxından tanış olmaq imkanı qazanacaqlar.
Mərasimdə çıxış edən müəllimlər və valideynlər şagirdlər üçün yaradılmış şəraitə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Məktəblilər Azərbaycanın dövlət himnini ifa edib, xatirə şəkili çəkdirdikdən sonra xüsusi avtobusla ekskursiyaya yola salınıblar.