CƏMİYYƏT
Sinoptiklər xəbərdarlıq edir: Anomal qızmar hava şəraiti davam edəcək
Bakı, 2 iyul, AZƏRTAC
Sinoptiklər ölkə ərazisində müşahidə edilən anomal istilərlə bağlı xəbərdarlıq ediblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a bildirilib ki, iyulun 3-4-də ölkə ərazisində anomal qızmar hava şəraitinin davam edəcəyi, Bakıda və Abşeron yarımadasında maksimal temperaturun 40-43°, Aran rayonlarında və Naxçıvan MR-də 40-44°, bəzi yerlərdə 46°, Qazax-Gəncə zonası, Böyük Qafqaz, Lənkəran-Astara rayonlarında 38-42°, dağlıq rayonlarda isə 28-33° dərəcə isti olacağı gözlənilir.
Sinoptiklərin tibbi-meteoroloji xəbərdarlığına görə, iyulun 3-4-də Abşeron yarımadasında isti hava dalğası ilə bağlı qızmar temperatur diskomfortu əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün risklidir. Gündüz saatlarında uzun müddət açıq havada olmaq məsləhət görülmür.