ELM VƏ TƏHSİL
Sinqapurun Milli Təhsil İnstitutunun məktəb rəhbərləri üçün təlimləri davam edir
Bakı, 10 may, AZƏRTAC
Bakıda Azərbaycan Respublikasının Təhsil İnstitutunun (Tİ) təşəbbüsü və UNICEF-in Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə Sinqapurun Milli Təhsil İnstitutu (SMTİ) tərəfindən məktəb rəhbərləri üçün təlimlər keçirilir.
Tİ-dən AZƏRTAC-a bildiriblər ki, “Məktəb idarəçiliyi proqramı” üzrə təlimlər mayın 12-dək Təlim Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda davam edir.
SMTİ məktəb rəhbərlərinin və müəllimlərin hazırlığı, ixtisasartırma fəaliyyətinin inkişafı ilə məşğul olan təhsil qurumudur. Təhsildə geniş tədqiqat üzrə fəaliyyət göstərən bu qurum Sinqapurun regional təhsil mərkəzinə çevrilməsində əhəmiyyətli rol oynayıb. İnstitut əməkdaşlarının 83 faizi doktor, 15 faizi magistr, 2 faizi isə bakalavr ali təhsil dərəcəsinə malik mütəxəssislərdir. Qurum fəaliyyətini peşəkar kimi əlindən gələni etmək, insanyönümlü və kollegial olmaq və s. prinsiplər üzərində qurub.