DÜNYA
Şinzo Abe: Yaponiya müdafiə qabiliyyətini artırmalıdır
Tokio, 19 mart, AZƏRTAC
Asiya-Sakit okean regionunda təhlükəsizliyə qarşı təhdidlərin artması ilə əlaqədar Yaponiya öz müdafiə qabiliyyətini artırmalıdır.
Bu barədə martın 19-da Baş nazir Şinzo Abe Milli Müdafiə Akademiyasında keçirilən təntənəli buraxılış mərasimində bəyan edib.
Baş nazir deyib: “Əgər biz öz əllərimizlə vətənimizin müdafiəsini təşkil etməyə çalışmasaq, bunu bizim əvəzimizə heç kim etməyəcək. Biz öz müdafiə qabiliyyətimizi yüksəltməli, təhlükəsizliyimizin təmin olunması üçün rolumuzu genişləndirməliyik”. Ş.Abenin sözlərinə görə, Yaponiya Şimali Koreyanın nüvə və raket layihələri ilə bağlı yaranan gərginliyə, ölkənin cənub-qərbində xarici hərbi təyyarələrin uçuşlarının, bütün dünyada terrorçuluq təhlükəsinin artmasına göz yuma bilməz.
Xəbər verdiyimiz kimi, ötən ilin martında Yaponiyada özünü müdafiə qüvvələrinin səlahiyyətlərinin genişləndirilməsi və II Dünya müharibəsindən sonra ilk dəfə yapon döyüşçülərə ölkənin özü hücuma məruz qalmadığı təqdirdə belə “dost ölkə” üçün təhlükə yarandığı zaman silahdan istifadə hüququnun verilməsi barədə qanunvericilik təsdiq olunub. Sənədə əsasən, Yaponiya özünümüdafiə qüvvələrinə BMT qüvvələri tərkibində keçirilən əməliyyatlar zamanı tətbiq oluna silahdan istifadə məhdudiyyəti də aradan qaldırılıb. Bundan əlavə, qanuna görə, yapon hərbi bölmələri yalnız ABŞ-ın deyil, eyni zamanda, digər dost ölkələrin hərbi hissələrinə nəqliyyat yardımı da göstərə bilər.
2017-ci maliyyə ili üçün Yaponiya hökuməti tərəfindən bəyənilən dövlət büdcəsində müdafiə məqsədilə xərclərin artırılması da nəzərdə tutulur. Belə ki, növbəti maliyyə ilində bu xərclər 1,4 faiz artaraq, 5,13 trilyon yen (təqribən 44 milyard dollar) təşkil edəcək. Həmin məbləğin əsasən hərbi ehtiyaclara, xüsusən silahlı qüvvələrdə dəniz piyadalarına oxşar qurumun yaradılmasına və Şimali Koreya və Çinə qarşı əlavə qabaqlayıcı tədbirlərin görülməsinə sərf olunacağı bildirilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio