DÜNYA
Şinzo Abe Yasukuni məbədinə ayin fitrəsi göndərib
Tokio, 17 oktyabr, AZƏRTAC
Yaponiyanın Baş naziri Şinzo Abe Asiya ölkələrində yapon militarizminin rəmzi sayılan Yasukuni məbədinə ayin fitrəsi göndərib.
AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, Baş nazir məbədə fitrəni payız məbəd bayramının başlanması münasibətilə göndərib. Bəxşişin üzərində bu sözlər yazılıb: “Nazirlər Kabinetinin başçısı Şinzo Abe tərəfindən”.
Ş.Abe 2012-ci ilin dekabrında Baş nazir vəzifəsinə seçildikdən sonra həmin məbədi yalnız bir dəfə, 2013-cü ilin dekabrında şəxsən ziyarət edib. Onun bu addımı Çin və Cənubi Koreyanın kəskin reaksiyası ilə yanaşı, Yaponiyanın əsas müttəfiqi ABŞ ilə münasibətlərə də mənfi təsir göstərib. Həmin hadisədən sonra Ş.Abe ildə üç dəfə - yaz və payız məbədləri zamanı və bir də Yaponiyanın İkinci Dünya müharibəsindən çıxmasının elan edildiyi avqustun 15-də Yasukuni məbədinə ayin fitrəsi göndərməklə kifayətlənir.
Yaponiya hökuməti üzvlərinin yapon militarist ruhunun və imperiya ambisiyalarının dirçəlişi hesab edilən Yasukuni məbədini ziyarət etməsi Çin və Cənubi Koreya tərəfindən daim kəskin reaksiya ilə qarşılanır.
Həmin məbəddə “İmperator və böyük Yaponiya naminə” müxtəlif müharibələrdə həlak olan 2,5 milyon əsgər və zabitin adı olan lövhələr saxlanır. Onların arasında İkinci Dünya müharibəsinin caniləri hesab edilən 14 hərbi cinayətkarın da adı var.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio