İQTİSADİYYAT
Şirvan Regional Elektrik Şəbəkəsinin yarımstansiyalarında müxtəlif təyinatlı təmir işləri görülüb
Bakı, 9 fevral, AZƏRTAC
Cənub bölgəsinin elektrik enerjisinə olan tələbatının ödənilməsində mühüm rol oynayan Şirvan Regional Elektrik Şəbəkəsində (REŞ) texniki göstəricilərin daha da dayanıqlı vəziyyətdə fəaliyyətinin təmin edilməsi, o cümlədən qış mövsümünün uğurla başa çatdırılması məqsədilə müvafiq tədbirlər həyata keçirilib.
“Azərenerji” ASC-dən AZƏRTAC-a bildirilib ki, ötən ilin son üç ayında 330 kilovoltluq (kV) 3-cü “İmişli”, 6-cı “Cənub”, 3-cü “Şirvan”, 220 kV-lik 4-cü və 5-ci “Cənub” elektrik verilişi xətlərində (EVX) ümumilikdə 9 kilometrdən artıq xətt əsaslı təmir olunub, 650-yə yaxın izolyator yenisi ilə əvəz edilib. Bundan əlavə, 110 kV-lik 3-cü “Ucar”, 4-cü “Kürdəmir”, 1-ci “Cənub” və digər daha 9 ədəd hava xətlərinin (HX) ümumilikdə 28 kilometrdən artıq hissəsi əsaslı təmir olunub, 875-dən artıq izolyator dəyişdirilib. Həmin dövrdə 1-ci “Lənkəran” HX-nin 11 kilometrdən artıq hissəsi əsaslı təmir edilib.
Müəssisənin xidməti ərazisində yerləşən “Astara”, “Salyan” və “Ələt” “İmişli”, “Ağcabədi”, “Masallı”, “Kürdəmir”, “Sığırlı” yarımstansiyalarında da müxtəlif təyinatlı təmir işləri həyata keçirilib. Hazırda aparılan təmir-bərpa işləri bölgənin enerji təhlükəsizliyinin yüksək səviyyədə təmin edilməsi istiqamətində atılan mühüm addımdır və bu işlər davamlı olaraq yerinə yetiriləcək.