REGİONLAR
Şirvan şəhərində ədəbi-bədii gecə: “Məndə sığar iki cahan...”
Bakı, 11 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 2019-cu ilin “Nəsimi ili“ elan olunması ilə əlaqədar Şirvan Şəhər Tarix-Diyarşünaslıq Muzeyi tədbirlər planı tərtib edib. Plana uyğun olaraq M.İsrailov adına 18 nömrəli məktəb-liseydə şəhər Gənclər və İdman İdarəsi və Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə “Məndə sığar iki cahan...” adlı ədəbi-bədii gecə keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan əsilli, məşhur müğənni və bəstəkar Sami Yusufun “Nəsimi” kompozisiyası ilə başlayıb.
Gecənin aparıcısı, Tarix-Diyarşünaslıq Muzeyinin baş elmi işçisi Ləman Mikayılova böyük Azərbaycan şairi İmadəddin Nəsiminin həyat və yaradıcılığı haqqında danışıb. O qeyd edib ki, Nəsimi orta əsr Şərq poeziyasının parlaq nümayəndələrindən biridir. Onun poeziyasındakı humanizm, mübarizlik, vətənpərvərlik, müstəqillik və azadlıq ideyaları bu gün də aktualdır. Nəsimi yaradıcılığı Azərbaycan xalqının, həmçinin bütün dünyanın mənəvi sərvətidir.
Ədəbi-bədii gecədə Nəsiminin qəzəlləri, onun həyatından bəhs edən səhnəciklər, uşaq musiqi məktəbinin “Muğam” sinfinin müəllim və şagirdlərinin çıxışları maraqla qarşılanıb.
Sonda şəhər Gənclər və İdman İdarəsinin rəisi Azər Quliyev çıxış edib.
Tədbir Nəsiminin “Sığmazam” qəzəlinə yeni bəstələnmiş mahnının ifası ilə başa çatıb.