REGİONLAR
Şirvanda tikinti-abadlıq işləri genişləndirilir
Şirvan, 29 fevral, Mahir Babayev, AZƏRTAC
Şirvan şəhərində tikinti və yenidənqurma işlərinə xüsusi önəm verilir.
Şəhər Memarlıq və Tikinti Şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, ötən il “Bizim həyət” layihəsi çərçivəsində şəhərin Tofiq İsmayılov küçəsindəki 5 və 19 saylı yaşayış binalarının həyəti abadlaşdırılıb, yeni nümunəvi məhəllə salınıb. Şəhərin Naxçıvan küçəsində Yeni Azərbaycan Partiyası şəhər təşkilatı üçün ikimərtəbəli yeni inzibati binanın tikintisi tamamlanaraq avadanlıq və inventarla təchiz olunub, “Azərişıq” ASC-nin sifarişi ilə Şirvan Regional Enerji Təchizatı və Satışı idarəsinin inzibati binasının tikintisi başa çatdırılıb.
Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə ayrılan vəsait hesabına şəhərdə 32 çoxmənzilli binanın dam örtüyündə təmir işləri aparılıb. Şəhərdə müvəqqəti məskunlaşan 585 məcburi köçkün ailəsi üçün Azərbaycan Respublikası Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunun sifarişi ilə zəruri sosial texniki infrastrukturu olan yeni yaşayış kompleksinin inşası tamamlanıb və ailələrin mənzillərə köçürülməsi işlərinə başlanılıb. Həmçinin şəhərin 18 küçəsinə asfalt beton örtüyü vurulub. Ötən il küçə və məhəllələrə 6 min metr, yaşayış binalarına isə 12 min metr su, 5 min metr kanalizasiya, 12 min metr elektrik, 60 min metr qaz xətti çəkilib. Hazırda şəhərdə yarımçıq tikili və təmir işlərinin, eyni zamanda, yeni tikililərin inşasının vaxtında başa çatdırılması istiqamətində işlər görülür.