CƏMİYYƏT
Şirvanda yetmiş yaşlı bacısını öldürməkdə şübhəli bilinən şəxs barədə həbs qətimkan tədbiri seçilib
Bakı, 28 iyun, AZƏRTAC
Ötən ilin mart 14-də Şirvan şəhər sakini, 1952-ci il təvəllüdlü Bəhruzə Rəsulovanın qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə Şirvan şəhər prokurorluğunda başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.
Şirvan şəhər prokurorluğundan AZƏRTAC-a bildirilib ki, məlumatı aparılmış istintaqla, zərərçəkmişin qardaşı 1968-ci il təvəllüdlü Alim Rəsulovun yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı Bəhruzə Rəsulovanı əlləri ilə boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Alim Rəsulov Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.