REGİONLAR


Siyəzəndə 200 hektar sahədə badam bağları salınıb VİDEO

Siyəzən, 18 iyul, Elxan Yusifli, AZƏRTAC

Siyəzəndə rayonunda 200 hektar sahədə badam bağları salınıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, badam bağları “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinin icrası nəticəsində rayonda yeni istifadəyə verilən suvarılan torpaqlarda əkilib. Rayon ərazisində meliorativ tədbirlərin həyata keçirilməsi əvvəllər əkin üçün uyğun olmayan geniş torpaq sahələrini əkinəyararlı edib. Qapalı suvarma şəbəkəsinin istifadəyə verilməsi yeni salınan badam bağlarının dayanıqlı su təminatına imkan verir.

Təsərrüfatçı Tural Sərdarov bildirib ki, gələcəkdə badam bağlarının sahəsini daha da artırmaq nəzərdə tutulub. “Köhnə kanallarla su verə bilmədiyimiz sahələrə indi yüksək təzyiqli su vermək mümkündür. Damlama üsulundan istifadə edərək geniş sahələri əkməyə müvəffəq olduq. Rayon ərazisində yeni suvarma kanallarının çəkilməsi əkin sahələrinin artmasına səbəb olub”, - deyə təsərrüfatçı diqqətə çatdırıb.

Dünya bazarında badama böyük tələbat var və bir çox ölkədə əsas valyuta gətirən məhsullardan sayılır. Azərbaycanda isə ötən illərə kimi mövcud badam bağlarının sahəsi 1000 hektara yaxın olub. Onların çoxu Naxçıvan Muxtar Respublikasında yerləşir.

“Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsi çərçivəsində həyata keçirilən işlər nəticəsində Siyəzən rayonunda 6 min 972 hektar suvarılmayan sahə ilk dəfə su ilə təmin olunub. Bununla yanaşı, layihəyə görə 5 min 165 hektar mövcud suvarılan torpaqların su ilə təminatı da yaxşılaşdırılıb.

Siyəzən rayonu ərazisində mövcud suvarılan torpaqların su ilə təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi məqsədilə görülən işlər, ümumilikdə, 13 min hektara yaxın sahəni əhatə edəcək.

Rayonun əsas suvarma mənbəyi Samur-Abşeron kanalı, Taxtakörpü-Ceyranbatan kanalı, Gilgilçay və Ataçay çaylarıdır. Qısa vaxt ərzində 12 min hektardan çox əraziyə suyu vaxtında və itkisiz çatdırmaq məqsədilə 1685 ədəd hidrotexniki qurğu, 198 min 286 metr uzunluğunda qapalı supaylayıcı şəbəkə, üzərində 118 ədəd hidrotexniki qurğu olan 24 min 103 metr uzunluğunda beton üzlüklü açıq suvarma kanalı və 2 min 300 hektar ərazini əhatə edən 26 kilometr açıq, 121 kilometr isə qapalı drenaj şəbəkəsi çəkilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.