REGİONLAR
Siyəzəndə “Şuşa İli”nə həsr olunan intellektual yarışın qalibləri müəyyənləşib
Siyəzən, 11 mart, Elxan Yusifli, AZƏRTAC
Siyəzəndə “Şuşa İli”nə həsr olunan “Nə? Harada? Nə zaman?” intellektual yarışının final turunda seçim mərhələsini uğurla başa vuran 9 komanda mübarizə aparıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yarış Siyəzən rayon Gənclər və İdman idarəsi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Siyəzən nümayəndəliyi və Siyəzən Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilib.
Gənclər Mərkəzində keçirilən finalda Böyük Həmyə, Kiçik Həmyə, Yenikənd, Gilgilçay, Zarat, Eynibulaq, Gilgilçay stansiya, Sədan və Məşrif kənd tam orta məktəblərinin komandaları yarışıb.
Bilik yarışında Zarat kənd tam orta məktəbini təmsil edən “Uğur” komandası I yeri tutaraq yarışın qalibi olub. Gilgilçay stansiya tam orta məktəbinin “Zəfər” və Gilgilçay qəsəbə tam orta məktəbinin “Şuşa” komandaları reytinq xalına əsasən ikinci və üçüncü yerləri bölüşüblər.
Təşkilatçılar tərəfindən qaliblərə kubok və fəxri fərmanlar təqdim olunub.
Bu ilin yanvar-mart aylarını əhatə edən yarışda 9 kənd məktəbi üzrə 45 komanda və bu komandaların tərkibində 270 gənc iştirak edib.