DÜNYA
Sloveniyada prezident seçkilərindən öncə “sükut günü”dür
Lyublyana, 22 oktyabr, AZƏRTAC
Sabah Sloveniyada növbəti prezident seçkiləri keçiriləcək.
AZƏRTAC xəbər verir ki, qanunvericiliyə əsasən, seçkilərdən öncəki gün “sükut günü”dür və namizədlər seçki kampaniyasını dayandırmalıdırlar. Bu qadağa oktyabrın 23-də yerli saatla 19.00-a kimi, yəni seçki məntəqələri bağlanana kimi qüvvədə olacaq.
Sloveniyanın hazırkı dövlət başçısı Borut Pahor artıq iki dəfə bu vəzifəni tutduğuna görə seçki marafonunda iştirak etmir. Seçkilərdə əsas mübarizənin Sloveniya Demokratik Partiyasının dəstəklədiyi namizəd Anje Loqar və bitərəf Nataşa Pirç Musar arasında gedəcəyi gözlənilir. Hər iki qadın namizəd sorğularda 27-30 faiz arasında səs toplayıblar.
Ehtimal olunur ki, ilk turda heç bir namizəd tələb olunan mütləq səs çoxluğunu əldə edə bilməyəcək. Belə olacağı halda seçkilərin ikinci turu noyabrın 13-də keçiriləcək.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana