ELM VƏ TƏHSİL
Şöbə müdiri, müşavir və köməkçi vəzifələri üzrə dövlət qulluğuna qəbul yalnız daxili müsahibə əsasında aparılacaq
Bakı, 4 avqust, AZƏRTAC
1-3-cü kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin 1-3-cü təsnifatlarına uyğun olan vəzifələrə, habelə 2-ci kateqoriya dövlət orqanlarında şöbə müdiri, rəhbərin müşaviri və rəhbərin köməkçisi vəzifələri üzrə dövlət qulluğuna qəbul yalnız daxili müsahibə əsasında aparılacaq və həmin vəzifələr üzrə sertifikat tələb edilməyəcək.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, bu, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa edilən dəyişikliklərdə əksini tapıb. Dəyişikliyə əsasən, qeyd olunan vəzifələrin tutulması məqsədilə elan edilmiş daxili müsahibələrdə vəzifələrin tutulma şərtlərinə uyğun olan bütün namizədlər iştirak edə biləcəklər. Eyni zamanda, həmin vəzifələr üzrə müsahibə komissiyası yalnız vakant vəzifənin aid olduğu dövlət orqanının nümayəndələrindən formalaşdırılacaq.