DÜNYA
Soçidə Türkiyə və Rusiya prezidentlərinin görüşü keçirilir VİDEO
Moskva, 3 may, AZƏRTAC
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinin dəvəti ilə bu ölkəyə işgüzar səfərə gəlib.
İki ölkənin liderləri Soçidə danışıqlara başlayıblar.
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, işgüzar şəraitdə görüşüb danışıqlar aparmaq imkanının yaranması olduqca yaxşı haldır. Bu, iki ölkə arasında münasibətlərin xüsusi status aldığını, tam miqyasda bərpa olunduğunu göstərir.
Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, Moskva və Ankara Yaxın Şərqdə vəziyyətə təsir göstərə bilərlər. İki ölkənin qəbul edəcəyi qərarlar regionda vəziyyəti dəyişəcək.
Görüşdən əvvəl Kremlin mətbuat xidməti məlumat vermişdi ki, tərəflər Suriyada vəziyyətin nizama salınması, terrorizmlə mübarizə, eləcə də ikitərəfli münasibətlərə dair kompleks məsələləri müzakirə edəcəklər.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya sonuncu səfəri bu ilin martında baş tutmuşdu.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva