ELM VƏ TƏHSİL
Son 150 ildə Abşeron yarımadasında göllərin çoxu müxtəlif dərəcəli antropogen yüklənməyə məruz qalıb
Bakı, 22 iyun, AZƏRTAC
AMEA-nın Geologiya və Geofizika İnstitutunda Yer elmləri sahəsində ümumrespublika elmi seminarı keçirilib.
Tədbiri giriş sözü ilə açan institutun icraçı direktoru AMEA-nın müxbir üzvü Dadaş Hüseynov bildirib ki, son 150 ildə yarımada göllərinin çoxu müxtəlif dərəcəli antropogen yüklənməyə məruz qalıb və bu baxımdan onların hazırkı durumu maraq doğurur.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Seminarda institutun Geoekologiya şöbəsinin müdiri coğrafiya elmləri doktoru Vaqif Məmmədov “Abşeron yarımadası göllərinin müasir morfometrik kəmiyyətləri və onların zamanla dəyişmə istiqamətlərinin qiymətləndirilməsi” mövzusunda təqdimatla çıxış edib. Məruzəçi bildirib ki, ölkəmizdə göllərin ən çox cəmləndiyi məkanlardan biri də Abşeron yarımadasıdır. 2020-2022-ci illərə aid kosmik təsvirlər və xəritə məlumatlarına əsasən, yarımadada sahəsi 0,5 hektardan (≥5000m2) çox olan 112 göl mövcuddur və onların su səthinin cəm sahəsi 57 kvadratkilometrdir. Göllər yarımada sahəsinin 2,85 faizini əhatə edir, bu göstərici respublikamız üçün 0,35, dünya üçün 1,8 faizdir. Bəzi çökəkliklərdə yeraltı şor suların səthə çıxması ilə yüksək dərəcədə minerallaşmış göllərin formalaşmasına şərait yaranıb. Beləliklə, gölləri iki qrup daxilində birləşdirmək olar: təbii vəziyyətdə inkişaf edənlər və ekoloji tarazlığı texnogenezlə pozulmuşlar.
V.Məmmədov Böyükşor, Ramana, Binəqədi, Zığ, Lökbatan, Zabrat, Xocasən, Bülbülə, Qala və digər məkanlardakı göllərin morfometrik parametrləri, su kütləsi, dib çöküntülərinin fiziki-kimyəvi xassələri, suyun minerallaşma dərəcəsi, bioaktiv palçıq texnogenezi və s. xüsusiyyətlərini seminar iştirakçılarının diqqətinə çatdırıb, onların çoxsaylı suallarını cavablandırıb.