CƏMİYYƏT
Sosial sahibkarlığın təşviqinə yönəlmiş “Öyrən! Başla! və Tətbiq et!” layihəsi başlayır
Bakı, 2 noyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və “Education HUB” təhsil şirkəti qadınlar arasında sosial sahibkarlığın təşviqinə yönəlmiş “Öyrən! Başla! və Tətbiq et!” adlı yeni layihəyə başlayır.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, layihə Quba, Qusar və Xaçmaz rayonlarını əhatə edəcək və həmin üç rayondan 18-28 yaşlarında 25 işsiz xanım seçilərək təlimlərə cəlb olunacaq. Dörd həftə davam edən təlimlərdə xanımlara sosial sahibkarlıq, biznes-planın hazırlanması, rəqəmsal marketinq, liderliyin artırılması və şəxsi inkişaf sahələri tədris ediləcək.
Daha sonra təlimləri uğurla başa vuran 10 nəfər seçiləcək. Onların Bakıya və Tbilisiyə təcrübə mübadiləsi səfərləri, sahibkarlar, işəgötürənlər və startupçılarla görüşləri təşkil ediləcək. Birgə sosial sahibkarlıq platformasının yaradılması məsələsinin müzakirəsi aparılacaq. Proqram iştirakçıları gələn ilin aprelində keçiriləcək Sosial Sahibkarlıq Forumunda iştirak etmək imkanı da qazanacaqlar.
Qeyd edək ki, layihədə iştirak ödənişsizdir. Proqramda iştirak etmək istəyənlər Quba, Qusar və Xaçmaz rayonu məşğulluq mərkəzlərinə müraciət edə və yaxud
https://docs.google.com/forms/d/e/1FAIpQLScT9xT9Xmd1LdEu3Pf8YtSIm8bD5m-AnWTsCc81WUCJmIeaUg/viewform?fbclid=IwAR1h7Ux4m99uc8UGLAq1_J0Bf7TLr004Fpw-L-D3mZRk32OnH_uL1vVISNQ linkində qeydiyyatdan keçə bilərlər.