İQTİSADİYYAT


Sosial sığorta haqlarının yığımı sahəsində görülmüş işlər müzakirə edilib

Bakı, 17 sentyabr, AZƏRTAC

Vergilər Nazirliyinin Tədris Mərkəzində Vergilər nazirinin birinci müavini Sahir Məmmədxanovun sədrliyi ilə “Sosial sığorta haqlarının yığımı üzrə görülmüş işlər və mövcud vəziyyət, problemlər” mövzusunda konfrans keçirilib.

Nazirliyin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, Vergilər Nazirliyinin mərkəzi aparatının məsul şəxsləri, yerli vergi orqanı əməkdaşları, Dövlət Sosial Müdafiə Fondunun məsul şəxsləri və müstəqil ekspertlərin iştirakı ilə keçirilən tədbirdə dövlət sosial sığorta haqlarının yığımı sahəsində görülmüş işlər, sosial sığorta üzrə qanunvericilik və hesablama mexanizmləri, sosial sığorta üzrə proqnozların icra vəziyyəti, bu sahədə mövcud olan çətinliklər, təhlil istiqamətləri və risk meyarları müzakirə olunub.

S.Məmmədxanov dövlət sosial sığorta haqlarının yığımı sahəsində nazirlik tərəfindən ötən müddət ərzində görülmüş işlər barədə məlumat verib və cari ilin ikinci yarımilliyində bu sahədə qarşıda duran əsas məsələlər barədə danışıb.

Qeyd edilib ki, aparılmış işlərin nəticəsində bu ilin yanvar-avqust aylarında məcburi dövlət sosial sığorta (MDSS) və işsizlikdən sığorta haqları üzrə proqnozlar artıqlaması ilə icra edilib. Məcburi dövlət sosial sığorta haqları üzrə nəzərdə tutulandan 7 faiz, işsizlikdən sığorta haqları üzrə 6,7 faiz artıq vəsait daxil olub. Eyni zamanda, sosial sığorta və işsizlik sığortası üzrə borcu olan vergiödəyicilərinin sayı və borcun ümumi məbləği ilin əvvəli ilə müqayisədə əhəmiyyətli şəkildə azalıb.

Konfransda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndə heyətinin iştirakı ilə birgə “inteqrasiya” prosesləri üzrə müəyyən edilmiş Tədbirlər Planına dair işlərin icra vəziyyəti nəzərdən keçirilib və gələcək dövlərdə qarşıya qoyulmuş vəzifələrin icrasına dair aidiyyəti üzrə tapşırıqlar verilib.

Vergilər Nazirliyinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun məzurəçiləri tərəfindən məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, MDSS haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyasını tətbiq etmək və digər məsələlərlə bağlı tədbir iştirakçıları ətraflı məlumatlandırılıb.

Tədbirdə dövlət sosial sığorta haqlarının yığımı sahəsində mövcud çətinliklər ətraflı müzakirə edilib, bəyannamələrin kameral vergi yoxlamalarının aparılmasına dair, vaxtında təqdim edilməmiş vergi bəyannamələri (hesabatları) ilə bağlı vergiödəyicilərindən hesabatların qəbulu ilə bağlı vergi orqanlarının rastlaşdıqları məsələlər təhlil olunub.

Sonda tədbir iştirakçılarının sosial sığorta öhdəliklərinin icrası ilə əlaqədar təcrübədə qarşıya çıxan problemlərə dair sualları cavablandırılıb.

Tədbirdə iştirak edən müstəqil ekspertlər qaldırılan məsələlərin həlli ilə bağlı öz təkliflərini veriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.