Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 16-cı bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 348; 1999, № 11, maddə 609; 2000, № 11, maddə 776; 2001, № 9, maddə 576, № 12, maddələr 733, 736; 2002, № 12, maddə 706; 2004, № 7, maddə 505, № 12, maddə 976; 2005, № 1, maddə 2, № 12, maddə 1082; 2006, № 11, maddə 923, № 12, maddə 1018; 2007, № 1, maddə 4, № 12, maddə 1193; 2008, № 2, maddə 49, № 4, maddə 254, № 6, maddə 462, № 7, maddə 602; 2009, № 12, maddə 970; 2010, № 4, maddə 276, № 11, maddə 949; 2011, № 10, maddə 883; 2013, № 11, maddə 1284, № 12, maddə 1487; 2014, № 10, maddə 1171; 2016, № 4, maddə 657, № 6, maddə 971; 2017, № 3, maddə 336, № 7, maddə 1279; 2018, № 3, maddələr 369, 396, № 5, maddələr 870, 894, № 12 (I kitab), maddə 2502; 2019, № 1, maddə 35, № 3, maddə 380; 2020, № 5, maddə 521, № 6, maddə 667, № 7, maddə 826, № 8, maddə 1015, № 12 (I kitab), maddə 1450; 2021, № 7, maddə 711, № 8, maddə 896, № 12, maddə 1309) aşağıdakı dəyişiklik edilsin:

1. 1-ci maddəyə aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:

“Məcburi dövlət sosial sığorta haqlarının subsidiyalaşdırılması – sığortaedənlər (sığortaolunanlar) tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının bu Qanunun 14-1-ci maddəsində nəzərdə tutulan hissəsinin dövlət büdcəsinin vəsaiti hesabına kompensasiyası məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sığortaedənlərə (sığortaolunanlara) ödənilən əvəzsiz maliyyə vəsaitidir.”;

1.2. 14.5.1-1.10-cu maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 14.5.1-1.11-ci maddə əlavə edilsin:

“14.5.1-1.11. fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan fiziki şəxslər – minimum aylıq əməkhaqqının 3 faizi miqdarında.”;

1.3. 14.6-1-ci maddəyə “14.5.1-1.1 – 14.5.1-1.9-cu” sözlərindən sonra “və 14.5.1 1.11-ci” sözləri əlavə edilsin;

1.4. aşağıdakı məzmunda 14-1-ci maddə əlavə edilsin:

“Maddə 14-1. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məcburi dövlət sosial sığorta haqqının subsidiyalaşdırılması

14-1.1. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərən qeyri-dövlət (maliyyə və avtonəqliyyat vasitələri ilə yük daşıma sahələrində fəaliyyət göstərən, eləcə də dövlət büdcəsinin vəsaiti hesabına malları (işləri və xidmətləri) təqdim edən podratçılar (işğaldan azad edilmiş ərazi daxilində istehsal fəaliyyətini həyata keçirən rezident podratçılar istisna olmaqla) istisna olmaqla) sektoru üzrə neft-qaz sahələrində fəaliyyəti olmayan sığortaedənlər (sığortaolunanlar) tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqqının aşağıdakı hissəsi dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılır:

14-1.1.1. bu Qanunun 14.3-cü və 14.4-cü maddələrinə əsasən sığortaedən tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqqının:

14-1.1.1.1. 2023-cü il yanvarın 1-dən 2026-cı il yanvarın 1-dək – 100 faizi miqdarında;

14-1.1.1.2. 2026-cı il yanvarın 1-dən 2029-cu il yanvarın 1-dək – 80 faizi miqdarında;

14-1.1.1.3. 2029-cu il yanvarın 1-dən 2031-ci il yanvarın 1-dək – 60 faizi miqdarında;

14-1.1.1.4. 2031-ci il yanvarın 1-dən 2033-cü il yanvarın 1-dək – 40 faizi miqdarında.

14-1.1.2. bu Qanunun 14.5.1-ci maddəsinə əsasən muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunan tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqqının – 100 faizi;

14-1.1.3. bu Qanunun 14.5.1-1-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxslər tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqqının – 100 faizi.

14-1.2. Məcburi dövlət sosial sığorta haqqının bu Qanunun 14-1.1-ci maddəsinə əsasən dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılması şərtləri, subsidiyaların ödənilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.

14-1.3. Ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının subsidiyalaşdırılması bu Qanunun 10-cu maddəsinin ikinci hissəsinin üçüncü abzasında nəzərdə tutulan hesabatın təqdim edilmə dövrü bitdiyi tarixdən, habelə bu Qanunun 14.5.1-1.1 – 14.5.1-1.9-cu və 14.5.1-1.11-ci maddələrinə əsasən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” və bu Qanunun 14.5.1-1.10-cu maddəsinə əsasən “Fərqlənmə nişanı” əldə etməklə fəaliyyət göstərən fiziki şəxslər üzrə rüb başa çatdıqdan sonra 30 (otuz) gün müddətində dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.”.

Maddə 2. Keçid müddəaları

2.1. Bu Qanunun 1.1-ci və 1.4-cü maddələri 2023-cü il yanvarın 1-dən 2033-cü ilin yanvarın 1-dək qüvvədədir.

2.2. Bu Qanunun 1.2-ci və 1.3-cü maddələri 2023-cü ilin yanvarın 1-dən 2026-cı il yanvarın 1-dək qüvvədədir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 dekabr 2022-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin