DÜNYA


Sovet dövrünə aid olan Ay süxurunun hissəcikləri 1 milyon dollara satıla bilər

Bakı, 30 oktyabr, AZƏRTAC

Dünyanın varlı kosmos həvəskarları Aydan gətirilən üç kiçik süxur parçalarını əldə etmək imkanına malik olacaqlar. “Sotbi” hərracında rəsmən sənədləşdirilən və “Ay süxurları” adlandırılan bu əşyalar noyabr ayında hərraca çıxarılacaq.

AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, 1970-ci ildə Aydan Yerə qayıdan “Luna-16” sovet kosmik missiyasının gətirdiyi süxurun zərrəbinlə görünən hissəcikləri hərraca çıxarılması üçün oktyabrın 15-də Britaniyadakı “Sotbi”dən Nyu-Yorka aparılıb. Noyabrın 29-da keçiriləcək hərracda bu hissəciklərə 700 min-1 milyon dollar arasında qiymət qoyulacağı gözlənilir.

Bazalt parçaları olan bu hissəciklər Yer planetində vulkan qayaları ilə eyni tərkibə malikdirlər. Onların səthindəki reqolit (süxurun kosmik tozu) isə 1993-cü ildə bir amerikan kolleksiyaçısına satılıb. “Sotbi”nin bəyanatında bildirilir ki, onlar məşhur sovet kosmik gəmi konstruktoru Sergey Korolyovun xanımı Nina Korolyova tərəfindən satışa çıxarılıb. Bu hissəciklər xanım Korolyovaya mərhum həyat yoldaşının Sovet İttifaqında kosmosun tədqiqinə verdiyi töhfəyə görə hədiyyə edilib.

“Sotbi”dən bildiriblər ki, kolleksiyaçılar kosmik artifaktlar üçün böyük məbləğlər ödəyirlər. Ötən ilin hərracında üzərində “Aydan gətirilən nümunə” yazılmış və içərisində 1969-cu ildə Yerin təbii peykindən Nil Armstronqun gətirdiyi süxurların tozu olan kisə 1,8 milyon dollara satılmışdı. Bu hərracın əleyhinə çıxan NASA-nın məhkəmə iddiası isə rədd edilmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.