CƏMİYYƏT
Soyuqdəymənin iki həftədən artıq davam etməsi sinusit hesab edilir

Bakı, 29 mart, AZƏRTAC
Çox vaxt qripdən sonra üz, alın və göz nahiyələrində ağrılar hiss edilir və həftələrlə davam edən ağrılara məhəl qoymadıqda ağır nəticələr verə bilər. Haymorit əng sümüyündə yerləşən haymor boşluğun, yəni cibinin iltihabıdır. Haymorit kəskin zökəm, qrip, qızılca, skarlatina və digər infeksion xəstəliklərin ağırlaşması nəticəsində yaranır. Ən çox rast gəlinən səbəbləri isə yuxarı azı dişlərin köklərinin xroniki infeksiyaları və qan durğunluğudur. Haymorit sinusitin bir növüdür.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasında LOR kafedrasının müdiri, professor Vəfa Pənahian bu barədə məlumat verərək deyib: ”Haymorit, ümumiyyətlə sinusidlər qış aylarının ənənəvi xəstəliklərindəndir və ən çox qripdən sonra ağırlaşmalar zamanı meydana gəlir. Burun, alın, gicgah və göz ətrafındakı içi hava dolu boşluqlar sinus adlanır və onlar kanallarla buruna açılır, kanalların içindən isə burun mukozası keçir. Mukozanın ifraz etdiyi selik burunun içinə daxil olaraq tənəffüs yollarının isidilməsi və nəmli qalmasını təmin edir. Sinusit xroniki və kəskin olaraq iki növə ayrılır.
Elə orqanizm var ki, sinusit xəstəliyi üçün daha çox risk altındadır və həssas olur. Nəfəsalma problemi ilə üzləşənlər, burun çəpəri əyriliyi olanlar, burun sümüyü travması alanlar sinusitə daha tez tutulurlar. Soyuqdəymə və allergiyası olanlar da sinusitdən əziyyət çəkirlər. Siqaret və spirtli içki aludəçiləri, tez-tez infeksiyalara yoluxanlar da xəstəliyə qarşı həssaslıq nümayiş etdirirlər.
Xəstədə soyuqdəymənin iki həftədən artıq davam etməsi sinusit hesab edilir. Sinusit zamanı üz, göz və baş nahiyələrində ağrılar olur. Baş ağrıları döyüntülü şəkildə davam edir, öskürərkən, ağır yük qaldırarkən və əyilərkən ağrıların artmasına həmin hərəkətlər əsnasında sinus daxilində təzyiqin artması səbəb olur.
Ağrıyan yerlərə təzyiq edilməsi həssaslığı daha da artırır. Baş ağrılarının davamlı olması kəskin sinusitin əsas əlamətlərindəndir. Sinusitdən əziyyət çəkənlərdə burun axıntısı davamlı və birtərəfli olur.
Bəzi xəstələrdə səs batıqlığı özünü göstərir. Boğaz ağrısı, kifayət qədər qorxu hiss etməmək və diş ağrısı sinusitli xəstələrin əsas şikayətləridir. Xəstədə çox vaxt yorğunluq , halsızlıq və hərarət olur. Uşaqlar xəstəliyi daha yüngül keçirir, onlarda ürəkbulanma və qusma halları ortaya çıxa bilər.
Sinusit ümumi sağlamlığa da təsir edir. Qoşa görmək, göz və alın bölgəsində ağrılı şişkinliklər yarandıqda mütləq həkimə müraciət etmək lazımdır. Müalicə zamanı sinuslar iltihabdan təmizlənir və iltihaba səbəb olan bakteriyalar yox edilir. Müalicə proseduru təxminən 10 gün davam edir”.
Professor daha sonra deyib: “Xroniki sinusit zamanı xəstəliyin səbəbi aradan qaldırılmalıdır. Onu cərrahi yolla müalicə edirlər. Xəstə evdə burnunu duzlu su və ya buxarla təmizləməli, burun damcıları ilə burunun açıq qalmasını təmin etməlidir. Sinusitə tutulmamaq üçün soyuqdəymədən qorunmaq lazımdır. Saçları isladıb soyuq havaya çıxmaq sinusitə səbəb olur. Havanın çirkli, tüstülü olması, sərinkeş işləyən mühitdə uzun müddət qalmaq, xüsusilə isti havalarda tərləyəndən sonra sərinkeşin qabağına keçmək sinusitə səbəb olan amillərdir.
Sinusit xəstədə yorğunluq və gücsüzlük yaradır. Sinusitdən qorunmaq üçün soyuq havalarda ağız, burun və alın nahiyələri bağlı olmalıdır. Nəfəsalma zamanı soyuq hava kütləsi sinuslara dolur. Sinusitə tutulma zamanı həkim müayinəsindən sonra aptek çobanyastığı, kartof qabığı dəmləmələri ilə inhalyasiya proseduru həyata keçirilməlidir. Üzünü buxara verəndən sonra çıxıb harasa getmək sinusitin ağırlaşmasına səbəb olur. Yatmazdan əvvəl buxar vannası qəbul edilməlidir.
Haymorit sinusitin bir növüdür və eyni üsulla onun da qarşısını almaq mümkündür. Haymorit zamanı iltihabi ifrazat üst dodağın üzərinə və əng boşluğuna yığılır, vaxtında müalicə edilmədikdə əməliyyatla təmizlənir”.