İDMAN
Stronqmen üzrə Azərbaycan millisi gələn il “Arnold Klassik” festivalında iştirak edəcək
Bakı, 19 oktyabr, AZƏRTAC
Dekabrın sonunda stronqmen üzrə Azərbaycan kuboku yarışları keçiriləcək. Yarışın açıq keçirilməsini istəyirik ki, xarici ölkələrdən də idmançılar qatılsınlar. Həmçinin pauerliftinq üzrə bir hərəkət üzrə yarışların da paralel keçirilməsini planlaşdırırıq. Bu istiqamətdə danışıqlar gedir. Yaxın günlərdə yarışın vaxtını, çəki dərəcələrini və hərəkətlərini elan edəcəyik.
Bunu Azərbaycan Stronqmen Federasiyasının (ASF) prezidenti Bəxtiyar Quliyev AZƏRTAC-a məxsusi müsahibəsində deyib.
Oktyabrın 24-də Dubayda peşəkarlar arasında beynəlxalq turnirin keçiriləcəyini deyən B.Quliyev qeyd edib: “Yarışa ASF-in prezidenti olaraq dəvət almışam. Avadanlıqlarla tanışlıq, hansı hərəkətlərin daha çox maraq doğurduğunu öyrənmək və təcrübəmizi zənginləşdirmək üçün turnirdə iştirakım mühüm əhəmiyyət daşıyacaq”.
Gələn il Bakıda növbəti dəfə “Caspian Power” festivalının təşkil olunacağını vurğulayan ASF-in rəsmisi bildirib ki, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan festivala ölkəmizdə böyük maraq var. Həmçinin gələn il fevralın 28-dən martın 3-də ABŞ-da ənənəvi “Arnold Klassik” festivalı keçiriləcək və idmançılarımız da yarışda güclərini sınayacaqlar. Ölkəmizdə keçirilən “Caspian Power” festivalı da məhz “Arnold Klassik”in formatında təşkil olunur.
“Bu il keçirilən “Caspian Power” festivalında 5 idman növü üzrə yarışlar təşkil olundu və qaliblər müəyyənləşdi. Festivalın təşkilində Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) baş katibinin müavini Azər Əliyev bizə böyük dəstək oldu. Eləcə də ASF-in fəxri prezidentləri İslam Ələkbərov və İlham Ələkbərovun da xidmətləri müstəsnadır. Festivalı keçirməkdə əsas məqsədimiz kütləviliyə nail olmaq idi. Yarış ölkəmizdə və xaricdə yetərincə marağa səbəb oldu. Gələcəkdə festival çərçivəsində idman növlərinin sayının artırılmasını nəzərdə tutmuşuq. Kikboksinq və qaydasız döyüşün festivalın proqramına salınması istiqamətində danışıqlar gedir”, - deyə B.Quliyev əlavə edib.
“Caspian Power” festivalının ölkəmizdə bir ilk olduğunu deyən federasiya rəsmisi qeyd edib ki, bir neçə qeyri-Olimpiya idman növünü bir festivalda cəmləşdirdik. Gələcəkdə yarışı 2-3 gün keçirməyi planlaşdırırıq. İstəyirik ki, festival gənclərimiz və idmansevərlər üçün idman bayramı olsun. Bu il olduğu kimi növbəti illərdə də idman ləvazimatlarının və qidalarının istehsalı və satışı ilə məşğul olan şirkətlər festivala dəvət olunacaq. Belə ki, festival çərçivəsində onlar xüsusi stendlərdə öz məhsullarını nümayiş etdirəcəklər.
“Ötən ay Ukraynada təşkil olunan dünya çempionatına 1 idmançı ilə qatıldıq. Yarış 110 kiloqram çəki dərəcəsi üzrə keçirilirdi. İdmançımız yarış qabağı qolundan zədə almışdı və bu da özünü yarışda göstərdi. İdmançımız iki hərəkəti yerini yetirdi və üçüncü hərəkət sırf həmin əzələ ilə bağlı olduğu üçün uğursuzluqla üzləşdi. Onun zədəsi bir azda dərinləşdi. Federasiya prezidenti olaraq çempionata qatılmağım önəmli idi. Çünki Ukraynada stronqmen üzrə mütəmadi olaraq yarışlar təşkil olunur və onların təcrübəsini öyrənmək bizim üçün çox vacibdir. Ukrayna Stronqmen Federasiyasının rəhbərliyi ilə görüşdüm və gələcək əməkdaşlıq barədə fikir mübadiləsi apardıq”, - deyə B.Quliyev əlavə edib.
Qeyd edək ki, “Caspian Power” festivalı cari il mayın 24-də Heydər Əliyev adına İdman Sarayında təşkil olunub. Festivalda stronqmen, bodibildinq, mas-restlinq, cui-citsu və sumo üzrə yarışlar keçirilib. Festival çərçivəsində keçirilən stronqmen yarışları Avrasiya çempionatından ibarət olub. Yarışda 4 ölkədən 7 tanınmış idmançı iştirak edib. Stronqmen yarışlarında ölkəmizi iki idmançı – Vüsal Mərdanov və Namiq Mehdiyev təmsil ediblər. Hər iki atletimiz 110 kiloqram çəki dərəcəsində yarışıblar. Beş mərhələnin sonunda iranlı Əkbər Talışi 28,5 xalla turnirin qalibi olub. Təmsilçilərimiz V.Mərdanov 23,5 xalla gümüş, N.Mehdiyev isə 18,5 xalla bürünc medal qazanıblar.
Ümumilikdə festivalda 100-dək idmançı birincilik uğrunda mübarizə aparıb.