“Su hövzələrində təhlükəsizliyin təmin olunması” mövzusunda müşavirələr keçirilib
AzerTAg.az
Bakı, 20 may, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti ilə FHN-in Bakı Regional Mərkəzi paytaxtın Səbail, Binəqədi və Qaradağ rayonlarında “Su hövzələrində təhlükəsizliyin təmin olunması” mövzusunda müşavirələr keçirib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müşavirələrdə rayon icra hakimiyyətləri və inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin, bələdiyyələrin, polis və təhsil şöbələrinin, təcili tibbi yardım bölmələrinin, yerli gigiyena və epidemiologiya mərkəzlərinin və digər aidiyyəti qurumların məsul şəxsləri iştirak ediblər.
Tədbirlərdə həmin rayonların ərazisindəki su hövzələrində keçirilən monitorinqlərin nəticələri barədə məlumat verilib, aşkarlanmış nöqsanlar fotoslaydlarla nümayiş olunaraq onların aradan qaldırılması yolları geniş müzakirə olunub.
Müşavirələrdə çıxış edənlər, həmçinin yay mövsümündə çimərliklərdə vətəndaşların təhlükəsizliyinin təmin olunması qaydaları, maarifləndirmə işinin vəziyyəti, ölkə ərazisindəki su hövzələrində həyata keçirilmiş aidiyyəti təhlükəsizlik tədbirləri ilə bağlı məlumat veriblər.
Sonda “Su hövzələrində təhlükəsizlik və davranış qaydaları”na dair videoçarx nümayiş etdirilib.





Xəbərin mətnində orfoqrafik səhv var