ELM VƏ TƏHSİL
Sudeif İmamverdiyev: Azərbaycan və Özbəkistan arasında münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub
Bakı, 25 iyun, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri tarixi əhəmiyyət daşıyır. Əminliklə deyə bilərik ki, bu səfərdən sonra iki ölkə arasında münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyacaq. İmzalanan “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə” və sazişlər ikitərəfli münasibətlərin keyfiyyətcə yeni səviyyəyə çatdırılmasına mühüm töhfə verəcək.
Bunu AZƏRTAC-a açıqlamasında Türk Ağsaqqalları Birliyinin sədri AMEA-nın müxbir üzvü Sudeif İmamverdiyev deyib. O bildirib ki, Özbəkistan səfəri türk dövlətləri arasında birliyin möhkəmləndirilməsi istiqamətində atılmış çox mühüm addımlardan biridir. Ölkə rəhbərinin Özbəkistana və 2021-ci ilin sonlarında Türkmənistana səfər etməsi, 2022-ci ilin aprel ayında Qırğızıstan prezidentinin ölkəmizə gəlməsi bir daha Azərbaycan liderinin hədəflərinin genişliyini aydın göstərir. Həm türk dövlətləri liderlərinin Azərbaycana, həm də Prezident İlham Əliyevin qeyd edilən ölkələrə səfərləri eyni kökdən olan xalqların əlaqələrinin inkişafına, iqtisadi və siyasi cəhətdən yaxınlaşmasına xidmət edir. Xüsusilə qeyd etmək lazımdır ki, dövlətimizin başçısına Özbəkistanda göstərilən diqqət, onun təntənəli şəkildə qarşılanması Azərbaycan liderinin şəxsiyyətinə və siyasi nüfuzuna verilən yüksək dəyərin aydın göstəricisidir. Görünən odur ki, Prezident İlham Əliyev türk dünyasının önəmli liderinə çevrilib və türk dövlətlərinin birliyi istiqamətində atılan addımlar uğurlu nəticələr verəcək. Türk Ağsaqqalları Birliyi də ölkə rəhbərinin türk dövlətləri arasında inteqrasiyanın sürətləndirilməsi istiqamətində atdığı addımları yüksək qiymətləndirir.