REGİONLAR
Sumqayıt Dram Teatrında Ulu Öndərin dövlətçilik fəaliyyətindən bəhs edən tamaşalar nümayiş olunub
Sumqayıt, 13 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt Dövlət Dram Teatrında ulu öndər Heydər Əliyevin dövlətçilik fəaliyyətini özündə ehtiva edən iki tarixi dram - A.Babayevin “Xilaskar” və H.Orucovun “Burdan min atlı keçdi” tamaşaları təqdim olunub.
AZƏRTAC xəbər verir ki, teatrın kollektivi dekabrın 12-də dahi rəhbərin xatirəsini böyük ehtiramla anıb.
Tamaşaların nümayişindən əvvəl çıxış edənlər bildiriblər ki, ümummilli lider Heydər Əliyevin mədəniyyət, ədəbiyyat tarixində silinməz iz qoyduğu danılmaz faktdır. Onun sənət adamlarına verdiyi dəyər teatr xadimlərini yeni yaradıcılıq axtarışına sövq edirdi.
Vurğulanıb ki, tarix onu yazan, zəkası və iradəsi, qətiyyəti ilə yaradan şəxsiyyətlərlə mənalıdır. Belə qüdrətli şəxsiyyətlərdən biri də dünya siyasi arenasında öz imzasını qoymuş Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevdir. 1993-cü ilin yayında siyasi hakimiyyətə qayıdışından sonra Ümummilli Lider müstəqil Azərbaycanı sürətli inkişaf yoluna çıxardı, bütün sferalarda tərəqqi strategiyası formalaşdırdı. Ulu Öndər dövlətçilik təfəkkürünü, azərbaycançılıq məfkurəsini xalqımıza aşıladı.
Çıxışlardan sonra səhnə əsərləri nümayiş etdirilib.