REGİONLAR


Sumqayıtda 186 mindən çox vətəndaş tibbi müayinədən yararlanıb

Sumqayıt, 14 aprel, Ətrabə Rzayeva, AZƏRTAC

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Sumqayıtda fevralın 11-dən başlayan əhalinin dispanserizasiyası müvəffəqiyyətlə davam edir.

Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Ülviyyə Müzəffərova AZƏRTAC–a bildirib ki, müayinənin əhəmiyyəti və vacibliyi ilə bağlı əvvəlcədən aparılan izahat işləri müsbət nəticə verir. O, aprelin 13-nə olan məlumata görə, 186 min 233 vətəndaşın artıq tibbi müayinədən keçdiyini qeyd edib.

Ü.Müzəffərova deyib ki, tibbi müayinə zamanı ehtiyac duyulduqda sakinlər ambulator, stasionar müalicəyə cəlb edilirlər. Kampaniya çərçivəsində 947 nəfər hospitalizə olunub, 14 nəfər üzərində cərrahiyyə əməliyyatı aparılıb. Eləcə də 60 nəfər Bakıya ixtisaslaşdırılmış tibb müəssisələrinə müalicə olunmağa göndərilib.

Sakinlərin sağlamlığı üçün faydalı və əhəmiyyətli olan profilaktik tədbirlər şəhərdə fəaliyyət göstərən 11 xəstəxanada, 10 poliklinikada təşkil edilir. Şəhər ərazisində yerləşən müəssisə və idarə işçilərinin tibbi müayinədən keçmə qrafiki tərtib edilib və onlar mütəşəkkil qaydada müayinələrə cəlb olunur.

Sumqayıtlılar tibbi müayinənin əhəmiyyətini yüksək qiymətləndirərək, humanist, hər bir vətəndaşın sağlamlığına diqqətli və qayğıkeş münasibətə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirirlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.