ELM VƏ TƏHSİL


Sumqayıtda “STEM Azərbaycanda 2018” müəllim konfransı təşkil olunub

Bakı, 4 sentyabr, AZƏRTAC

Təhsil Nazirliyi tərəfindən elan olunmuş təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsinin qaliblərindən biri də “STEM Azərbaycanda 2018” müəllim konfransı” layihəsidir. Layihənin icrasına Sumqayıt şəhərində başlanılıb.

Layihənin rəhbəri, Sumqayıt şəhəri İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbin fizika müəllimi Aliyə Əhmədova AZƏRTAC-a bildirib ki, tədbirə respublikamızın bir sıra şəhər və rayonlarından, eləcə də Gürcüstan və Türkiyədən distant formada müəllimlər qatılıblar.

Konfransda çıxış edən A.Əhmədova iştirakçılara layihənin məqsədi barədə ətraflı məlumat verib. Diqqətə çatdırılıb ki, layihənin məqsədi STEM təlim texnologiyasının yeni təhsil proqramına inteqrasiya edilməsi, təhsilverənləri XXI əsr bacarıqlarının formalaşdırılmasının əhəmiyyəti istiqamətində maarifləndirməklə özündə müxtəlif STEM məzmunlu mövzular birləşdirən müəllim konfransının təşkil olunmasıdır.

Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin fizika müəllimi, dosent Qalib Şərifov “Şagirdlərin şəxsiyyətyönümlü inkişafında STEM-in rolu” mövzusunda məruzəsində müxtəlif yaş səviyyələri üzrə STEM məzmunlu layihələr üzərində praktik iş nümunələri barədə ətraflı məlumat verib.

Konfrans çərçivəsində “Lego Mindstorms EV3 və Robotix” üzrə mütəxəssis İlhamə Hacıyeva “STEM əsaslı təlim prosesində Lego Mindstorms EV3 və Robot texnologiyası” mövzusunda əyani prototip qurğulardan istifadə etməklə iştirakçılara təlim keçib.

Sonra Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İdarəetmə Sistemləri İnstitutunun doktorantı, elektron lövhə üzrə təlimçi Günay Hüseynzadənin “Tədris və tətbiqin vəhdəti - STEM”, Bakıdakı 221 nömrəli tam orta məktəbin informatika müəllimi İlahə Həmidovanın “STEM şagirdləri - gələcəyin yaradıcı insanı”, Türkiyənin Mərsin şəhərinin Silifke Bilim ve Sanat Mərkəzinin “Lego Mindstorms EV3 və Robotix” üzrə mütəxəssisi Məlikə Yılmazın “Gələcəyin sinifləri, məktəblərdə Artırılmış Gerçəklik (Augmented Reality-AR) istifadəsi” və digər mövzularda məruzələr dinlənilib.

Daha sonra konfransa qəbul edilmiş məqalələrdən seçilmiş materiallar əsasında çap olunmuş toplu iştirakçılara paylanılıb.

Konfransda səslənən fikirlərin, irəli sürülən təkliflərin toplanaraq Təhsil İnstitutuna təqdim edilməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.