Sumqayıtda aztəminatlı ailələr üçün oftalmoloji aksiya keçiriləcək
AzerTAg.az

Bakı, 30 mart, AZƏRTAC
Martın 31-də akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Sumqayıt şəhəri 1 saylı “ASAN xidmət” mərkəzində akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunan tibbi aksiya keçirəcək.
Milli Oftalmologiya Mərkəzinin Elmi-məlumat, təşkilati-metodik bölməsindən AZƏRTAC-a verilən məlumata görə, mərkəzin Səyyar Klinikası tərəfindən Sumqayıt şəhərində aztəminatlı ailələr üçün tibbi xidmət göstəriləcək. Məqsəd pasiyentlərin səhhətləri ilə bağlı olan problemlərin həll olunmasına kömək etmək, eyni zamanda, göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə və həll etməkdir. Lazım gəldikdə ciddi problemlərlə üzləşən və çətin əməliyyat tələb olunan pasiyentlərin akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə gəlmələrinə şərait yaratmaqdır.
Xatırladaq ki, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən respublika rayonlarının əhalisinə təmənnasız oftalmoloji, xüsusilə cərrahi yardım göstərmək üçün 2005-ci ildə müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunmuş Səyyar klinika təşkil edilib. Səyyar klinika paytaxtda və respublikanın bir çox rayon və şəhərlərində aksiyalar keçirir. Burada əsas məqsəd sakinlərin vaxt itirmədən, elə yaşadıqları yerdə müayinə, müalicə və əməliyyat olunmasıdır. Milli Oftalmologiya Mərkəzinin həyata keçirdiyi tədbirlər gündən-günə artır və bu, ölkə başçısının səhiyyə ilə bağlı reallaşdırdığı layihələrin əsas tərkib hissələrindən biri hesab olunur. Mərkəzin bütün filialları ən son texnoloji avadanlıqlarla təchiz olunub. Klinikada təcrübəli və xaricdə ixtisas keçmiş həkim-oftalmoloqlar bütün göz xəstəliklərinin müayinə və müalicəsi, eləcə də əməliyyatı ilə məşğul olurlar. Bununla yanaşı, 2018-ci ildən Milli Oftalmologiya Mərkəzinin Səyyar Qatarı fəaliyyətə başlayıb.
Xəbərin mətnində orfoqrafik səhv var