CƏMİYYƏT
Sumqayıtda oğurluqlar etməkdə şübhəli bilinən şəxslər cinayət məsuliyyətinə cəlb olunub
Bakı, 9 fevral, AZƏRTAC
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıtda ayrı-ayrı vaxtlarda oğurluqlar etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Sumqayıt şəhəri ərazisində mağazadan 621 manat, gözəllik salonundan 54 manat, evdən qızıl əşyalar və avtomobildən 35 manat oğurlamaqda şübhəli bilinən şəhər sakini X.Məmmədli Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.
Onun əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunduğu müəyyən edilib.
Sumqayıtda avtomobildən 17 manat pul və tütün məmulatı, üç vətəndaşın mobil telefonlarını oğurlamaqda şübhəli bilinən digər bir şəxs isə 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb. Həmin şəxsin F.Rzayev olması müəyyənləşib.
Şəhər Polis İdarəsinin 4-cü polis bölməsinin əməkdaşları isə şəhər ərazisindən avtomobil qaçırmaqda şübhəli bilinən şəxsi avtomobillə birgə saxlayıblar. “VAZ-2106” markalı avtomobili qaçıran şəxsin şəhər sakini, əvvəllər də oğurluq etdiyinə görə tutulmuş M.Zəkiyev olması müəyyən edilib.
Faktlarla bağlı araşdırmalar aparılır.