REGİONLAR
Sumqayıtda şəhərdaxili yollar yenidən qurulur VİDEO
Sumqayıt, 11 oktyabr, Ətrabə Rzayeva, AZƏRTAC
Son bir neçə ildə Sumqayıtda yol-nəqliyyat infrastrukturunun müasirləşdirilməsi istiqamətində həyata keçirilən mühüm layihələr əhalinin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən əsaslı tədbirlərdəndir. Şəhərdaxili küçələrin, eləcə də məhəllədaxili yolların asfaltlanması işləri mərhələli şəkildə davam edir.
AZƏRTAC xəbər verir ki, yol infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü və sistemli tədbirlərin nəticəsi olaraq, Sumqayıt şəhərində avtomobil yollarının tikintisi, yenidən qurulması, təmiri üzrə işlərin həcmi ildən-ilə artır. Hazırda şəhərin Nizami küçəsində yolun yenidən qurulması işləri aparılır. Sumqayıtın mərkəzində 1,6 kilometr uzunluğu olan Nizami küçəsində yolboyu səkilər tikilir, yol kənarında yaşıllıq salınır, yeni dayanacaqlar quraşdırılır. İşlərin tez başa çatması üçün əraziyə xeyli sayda texnika cəlb edilib.
Şəhər icra hakimiyyətindən verilən məlumata görə, həyata keçirilən işlər daxili imkanlar hesabına görülür. Bakı, Rustavi, Mehmandarov, R.Qəhrəmanov, Çerkassi, Həsən Əliyev, 20 Yanvar, Bədəlbəyli küçələrində asfaltlanma işləri artıq yekunlaşıb. Şəhərin 1-ci, 5-ci, 8-ci, 9-cu, 11-ci və 17-ci mikrorayonlarında, eləcə də 2-ci, 3-cü, 4-cü və 14-cü məhəllələrində daxili yollarda asfaltlanma işləri aparılıb. Məhəllə və mikrorayonlarda, küçə və prospektlərdə 350 min kvadratmetr sahəyə asfalt örtüyü salınıb. Digər mikrorayon və məhəllələrdə də ardıcıl şəkildə asfaltlanma işləri mərhələli şəkildə aparılacaq. Həmçinin uzunluğu 4 kilometr olan Koroğlu küçəsinin yenidən qurulması nəqliyyatın rahat və maneəsiz hərəkətinə imkan yaradıb. Bundan başqa, uzunluğu 11 kilometr olan və Sumqayıt şəhəri ilə Hacı Zeynalabdin Tağıyev qəsəbəsini birləşdirən Səməd Vurğun və Metallurq küçələrində asfaltlanma işləri davam edir.
Sumqayıt Şəhər İcra Hakimiyyətində hazırlanan xüsusi proqram çərçivəsində şəhərin yol infrastrukturunun inkişafı daim diqqət mərkəzində saxlanılır.