REGİONLAR
Sumqayıtdakı kənd təsərrüfatı məhsullarının satış-yarmarkasının yeri dəyişdirilir
Sumqayıt, 4 noyabr, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıtda hər həftə sonu fəaliyyət göstərən kənd təsərrüfatı məhsullarının satış-yarmarkası başqa əraziyə köçürüləcək. Yerdəyişməyə səbəb ərazidə yaşayan sakinlərin çoxsaylı müraciətləri olub.
Bu haqda AZƏRTAC –a şəhər icra hakimiyyətindən məlumat verilib.
Bildirilir ki, Sumqayıt şəhər 12-ci mikrorayon ərazisində fəaliyyət göstərən kənd təsərrüfatı məhsullarının satış-yarmarkasının 42-ci məhəlləyə köçürülməsinə qərar verilib. Buna səbəb yarmarkanın əvvəlki yerində yaranan antisanitariya şəraiti, satıcılar tərəfindən gigiyena qaydalarına əməl olunmaması və avtomobillərin süni tıxac yaratmasıdır. Belə olan halda ərazidə yaşayan sakinlər məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət ediblər. İcra rəsmiləri vətəndaşların şikayətini haqlı sayıb və yaranmış problemin aradan qaldırılması üçün bu adımı atıb.
Məlumatda bildirilir ki, yarmarka bundan sonra şəhərin 42-ci məhəlləsində fəaliyyətini davam etdirəcək. Adıçəkilən yarmarka Sumqayıtda hər həftənin şənbə və bazar günləri fəaliyyət göstərir.