QAN YADDAŞI
Suraxanıda 20 Yanvar şəhidlərinin məzarları ziyarət edilib
Bakı, 21 yanvar, AZƏRTAC
Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun sənaye, təhsil, səhiyyə, mədəniyyət müəssisələrində “20 Yanvar faciəsi Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzidir” mövzusunda anım tədbirləri keçirilib, məktəblilər arasında inşa yazı, şeir və rəsm müsabiqələri təşkil edilib.
İcra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, tədbirlər planına uyğun olaraq rayonun bütün qəsəbələrində 20 Yanvar şəhidlərinin xatirəsi ilə bağlı ərazilərdə abadlıq və təmizlik işləri aparılıb.
Yanvarın 20-də rayon icra hakimiyyətinin başçısı yanında şuranın üzvləri, YAP Suraxanı rayon təşkilatının fəalları, rayonun hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, sənaye müəssisələrinin rəhbərləri, ictimaiyyət nümayəndələri və ziyalıları rayonun Yeni Suraxanı qəsəbəsində 20 Yanvar faciəsinin şəhidləri Cəbrayıl Xanməmmədovun, Balahüseyn Mir Qəzəb oğlunun məzarlarını və “Vətən şəhidləri” abidə kompleksini ziyarət ediblər.
Rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov bildirib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, ərazi bütövlüyü uğrunda mübarizəsini sındırmaq məqsədi daşıyan mənfur planın tərkib hissəsi idi. 20 Yanvar Azərbaycan xalqının tarixində, sadəcə, ağı və acı ilə xatırlanacaq gün deyil. 20 Yanvar həm də xalqımızın şan və şərəf günüdür.
Qeyd edilib ki, dəhşətli faciəyə ilk olaraq kəskin etirazını bildirən 1990-cı il yanvarın 21-də ailə üzvləri ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib mətbuat konfransı keçirən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev olub. Hadisəyə ilk hüquqi-siyasi qiymət də 1991-ci ilin noyabrında Ulu Öndərin Naxçıvan Ali Sovetinə rəhbərlik etdiyi vaxtda verilib.
1994-cü il martın 29-da “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” adlı xüsusi qərar qəbul edilib. Beləliklə, Ulu Öndərin təkidi və rəhbərliyi sayəsində xalqımıza qarşı törədilən bu qanlı və qəddar aksiyaya siyasi-hüquqi qiymət verilib.
Diqqətə çatdırılıb ki, bu gün 20 Yanvar faciəsinin iştirakçıları və şəhid ailələri dövlətin daim diqqət mərkəzindədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev şəhidlərin adının uca tutulmasına, onların ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi qayğı göstərir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondu Prezidenti Mehriban xanım Əliyeva şəhid ailələrinin, əlillərin, veteranların problemlərinə böyük qayğı ilə yanaşır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında həyata keçirdiyi layihələrin müstəsna əhəmiyyəti var.
Sonra tədbir iştirakçıları Şəhidlər xiyabanını ziyarət ediblər.