ELM VƏ TƏHSİL
TƏHSİL NAZİRLİYİNDƏ KOLLEGİYA İCLASI KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, ali məktəb rəhbərlərinin, tanınmış pedaqoqların iştirak etdiyi iclası nazir Misir Mərdanov açaraq, Azərbaycanda təhsilin inkişafında xalqımızın ümummilli lideri Heydər Əliyevin müstəsna xidmətlərini vurğulamış və onun xəttinin uğurla davam etdirilməsinin Azərbaycan Prezidentinin ciddi nəzarətində olduğunu bildirmişdir.
Ölkəmizdə həyata keçirilən təhsil islahatlarının uğurlu nəticələrindən, insan inkişafında təhsilin müstəsna rolundan danışan nazir ali məktəblərdə tələbələrin biliyinin obyektiv qiymətləndirilməsinin əhəmiyyətini vurğulamışdır.
Ali və orta ixtisas təhsili söbəsinin müdiri İlham Mustafayev məruzə ilə çıxış edərək bildirmişdir ki, Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrinin əyani şöbələrində qış imtahan sessiyasında 61 min 663 (97,8 faiz) tələbə iştirak etmiş, onlardan 43 min 824 (69,5 faiz) nəfəri bütün imtahanlardan müvəffəq qiymətlər almışdır. 8 min 176 tələbə imtahanları əla qiymətlərlə başa vurmuşdur. Qeyri-dövlət ali təhsil müəssisələri üzrə isə sessiyalarda 16 min 307 (76,8 faiz) tələbə iştirak etmiş, 14 min 368 (83 faiz) nəfər müvəffəqiyyət qazanmışdır. Builki test imtahanlarında 600-dən çox bal toplayaraq ali məktəblərə qəbul edilmiş tələbələrin nailiyyətləri daha yüksək olmuşdur.
Məruzəçi həmçinin bir çox ali məktəblərdə tələbələrin biliyinin qiymətləndirilməsində çoxballı sistemdən istifadə edildiyini bildirmişdir.
İclasda çıxış edən təhsil nazirinin müavini İradə Hüseynova, Bakı Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Abel Məhərrəmov, Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, Milli Məclisin deputatı Gülçöhrə Məmmədova və başqaları qış imtahan sessiyalarının nəticələri ilə bağlı fikir və mülahizələrini bildirmiş, ali məktəblərdə tələbələrin biliyinin qiymətləndirilməsində çoxballı sistemdən istifadə edilməsinin əhəmiyyətini vurğulamışlar.