İQTİSADİYYAT
TASİS AZƏRBAYCANIN İQTİSADİ İNKİŞAF NAZİRLİYİNİ DƏSTƏKLƏYİR
İngiltərənin İMC Consultinq şirkəti TASİS-in “Azərbaycanın İqtisadi İnkişaf Nazirliyinə dəstək” proqramı layihəsini həyata keçirməyə başlayır. Layihənin dəyəri 1,6 milyon avrodur.
Bunu AZƏRTAC-ın müxbirinə Avropa Birliyinin Azərbaycana texniki yardım proqramlarının Əlaqələndirmə Bürosunda bildirmişlər. Bu layihə respublika İqtisadi İnkişaf Nazirliyinin institusional quruculuğuna texniki yardım göstərmək məqsədi ilə hazırlanmışdır.
Layihə çərçivəsində nazirliyin kadr potensialının inkişafının kompleks proqramının hazırlanması, nazirliklərarası səviyyədə əlaqələndirmə və məsləhətləşmə mexanizmlərinin təkmilləşdirilməsi, regional ofislərin yeni funksiyalarının müəyyənləşdirilməsi, əsas fəaliyyət sahələrinə aid qərarların qəbul edilməsi mexanizminin hazırlanması, habelə fəaliyyətin xüsusi məsələlərinə dair məsləhətlər verilməsi nəzərdə tutulmuşdur.