REGİONLAR
TAXIL BÖCƏYİNƏ QARŞI MÜBARİZƏ TƏDBİRLƏRİ GÖRÜLÜR
Şamaxı ərazi kənd təsərrüfatı idarəsinin xidmət göstərdiyi Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Qobustan və Abşeron rayonlarında cari ilin məhsulu üçün 104 min hektarda taxıl əkilmişdir. Son illər respublikanın qərb regionlarından başlayaraq sürətlə yayılan taxıl böcəyi (haf) bu bölgədə də müşahidə edilir. Bu zərərverici Qəbələ və İsmayıllı rayonlarının əkin sahələrinə xüsusilə ciddi ziyan vurmuşdur.
İdarənin rəisi Nadir Qədirov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, Abşeron istisna olmaqla, qalan beş rayonda 21120 hektarda taxıl böcəyi yayılmışdır. Hazırda zərərvericiyə qarşı mübarizə tədbirlərinə hazırlıq görülür. 8 ədəd çiləyici işlək vəziyyətə gətirilmiş, Kənd Təsərrüfatı Nazirliyindən daha 5 ədəd təzə traktor və çiləyici alınmışdır. Mart-aprel aylarında, həşəratların daha çöx yayılma və ziyanvurma dövründə isə kimyəvi mübarizə tədbirlərinə başlanacaqdır.
Rayonlardakı bitki-mühafizə stansiyalarının mütəxəssisləri ərazilərdə müşahidələrini davam etdirir və operativ məlumatlar toplanılır.