CƏMİYYƏT
“TENİZ-2018” beynəlxalq kompleks təlimi başa çatıb VİDEO
Bakı, 6 avqust, AZƏRTAC
Qazaxıstan Respublikasının Mangistau vilayətində start götürən və iki gün davam edən “TENİZ-2018” beynəlxalq kompleks təlimi avqustun 3-də başa çatıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) AZƏRTAC-a bildiriblər ki, təlimə Azərbaycan, Qazaxıstan, Rusiya və Türkmənistanın xilasetmə xidmətlərinin canlı qüvvə və texnikaları cəlb olunub. “TENİZ-2018” beynəlxalq kompleks təliminin keçirilməsində məqsəd fövqəladə hallara effektiv və əlaqələndirilmiş şəkildə reaksiya verilməsi üçün region dövlətlərinə məxsus xilasetmə xidmətlərinin, sahilyanı mühafizə qüvvələrinin, neft şirkətlərinin və digər müvafiq dövlət qurumlarının qarşılıqlı fəaliyyətinin nümayiş etdirilməsi olub.
Təlim iki mərhələdə keçirilib. Birinci mərhələdə şərti fövqəladə hal baş verdiyi təqdirdə qarşılıqlı informasiya mübadiləsi və Xəzəryanı dövlətlərin xilasedici qüvvə və vasitələrinin təşkilinə dair tapşırıqlar yerinə yetirilib.
İkinci mərhələdə isə “İrihəcmli gəmilərin toqquşması zamanı yaranmış fövqəladə halların qarşısının alınması”, “Xəzər dənizi hövzəsində gəmidə yanğın baş verdiyi təqdirdə insanların xilas edilməsi və yanğının söndürülməsi”, “Potensial təhlükəli obyektdə yanğının qarşısının alınması və kimyəvi tullantıların məhv edilməsi”, “Qazma qurğularında yanğının söndürülməsi” və “Daşqın bölgəsindən insanların və əmlakın xilas edilməsi” üzrə tapşırıqlar icra olunub.
Təlimin ikinci mərhələsində, həmçinin qəza-xilasetmə avadanlığının sərgisi də keçirilib.
Sonda mükafatlandırma mərasimi keçirilib.
FHN-in 12 əməkdaşı Qazaxıstan Respublikasının daxili işlər naziri tərəfindən mükafatlandırılıb.
Təlimə ümumilikdə 500 yanğınsöndürən və xilasedici, 78 ədəd xüsusi texnika, 1 təyyarə, 7 helikopter, 4 gəmi, 7 yüksəksürətli xilasedici kater, habelə yanğınsöndürən avtomobillər, dağılmış neftin yığılması üçün avadanlıq cəlb edilib.
Təlimdə FHN-in Mülki Müdafiə Qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Aviasiya dəstəsi və Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin şəxsi heyəti (ümumilikdə 32 nəfər) və texnikası, o cümlədən “İveco” markalı səyyar kimyəvi laboratoriya, “Mersedec Sprinter” markalı xüsusi təyinatlı xilasetmə, “Toyota Land Cruiser” markalı “Qərargah-rabitə” avtomobilləri və “BE-200 ÇS” amfibiya təyyarəsi də iştirak edib.