DÜNYA
TERRORÇU ÇAQQAL KARLOS TƏNHALIĞA GÖRƏ STRASBURQA ŞİKAYƏTLƏNMİŞDİR
Çaqqal öz vəkili vasitəsilə bildirmişdir ki, tənha məhbusluq insanlığa zidd və ləyaqəti alçaldan əməldir. Terrorçunun fikrincə, məhkəmə orqanları onun biradamlıq kamerada saxlanılması barədə qərar qəbul edərkən bir sıra hüquqi proseduraları pozmuşlar. O, zərərin əvəzinin ödənilməsi haqqında məhkəməyə iddia vermək niyyətindədir.
Keçən ilin yanvarında Avropa İnsan Hüquqları Məhkəməsi qərar çıxarmışdır ki, məhbusun biradamlıq kamerada saxlanılması İnsan hüquqları haqqında Avropa Konvensiyasını pozmur.
Sançes 1994-cü ildə həbs edildiyi gündən 2002-ci ilədək biradamlıq kamerada qalmışdır. Məhkəmə orqanları onun təhlükəli olduğunu nəzərə alaraq və qaçması riskini azaltmaq üçün belə hökm vermişlər. Venesuelalı terrorçu 1975-ci ildə Fransa xüsusi xidmət idarələrinin iki məxfi agentini və bir informatorunu öldürdüyünə görə Paris yaxınlığındakı həbsxanada ömürlük həbs cəzası çəkir.
Çaqqal Karlos XX əsrin ən qanlı terrorçularından biri sayılır. O, neçə-neçə insanı oğurlamış, qətlə yetirmiş və bir çox partlayışlar törətmişdir.