ELM VƏ TƏHSİL
TEXNİKİ UNİVERSİTETDƏ “HEYDƏR ƏLİYEV VƏ MÜSTƏQİL AZƏRBAYCAN” MÖVZUSUNDA KONFRANS KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Azərbaycan Texniki Universitetində xalqımızın dahi oğlunun anadan olmasının 81-ci ildönümü ilə əlaqədar “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda elmi-praktik konfransı keçirilmişdir.
Konfransdan əvvəl müstəqilliyimizin şanlı səhifələrini əks etdirən “Tarix və dövlətçilik” muzeyinin açılışı olmuşdur.
Universitetin rektoru, professor Havar Məmmədov “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusundakı məruzəsində ümummilli liderimiz, türk dünyasının böyük oğlu Heydər Əliyevin ölkəmizdə elm, təhsil, ədəbiyyat, mədəniyyət və incəsənətin inkişafına göstərdiyi qayğıdan, onun rəhbərliyi ilə həyata keçirilən geniş islahatlardan danışmışdır.
Çıxış edənlər xalqın milli mənlik şüurunun oyanışında, milli dəyərlərin qorunması və zənginləşməsində misilsiz xidmətlər göstərmiş ümummilli liderimizin həyat və fəaliyyətindən bəhs etmiş, onun şərəfli ömrünün gələcək nəsillərə örnək olacağını vurğulamışlar.