ELM VƏ TƏHSİL
“TOPs” layihəsi çərçivəsində ibtidai sinif müəllimləri üçün keçirilən təlimlər başa çatıb
Bakı, 12 mart, AZƏRTAC
“TOPs – fiziki tərbiyə üzrə müasir təhsil texnologiyasının yaradılması” layihəsinin beşinci mövsümündə ibtidai sinif müəllimləri üçün keçirilən təlimlər başa çatıb.
AZƏRTAC xəbər verir ki, “TOPs” proqramı Təhsil Nazirliyi, “British Council” təşkilatı, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və “İnkişaf Naminə İdman” İctimai Birliyinin birgə əməkdaşlığı ilə həyata keçirilir.
Proqram çərçivəsində ümumtəhsil məktəblərində ibtidai sinif müəllimlərini fiziki tərbiyə fənni üzrə müasir təhsil texnologiyaları ilə təmin etmək məqsədilə təlimlər təşkil olunub. Təlimlərdə proqramda nəzərdə tutulmuş 100 ümumtəhsil məktəbindən 200 ibtidai sinif müəllimi iştirak edib. Layihədən yararlanan şagirdlərin sayı isə 62666 nəfərdir ki, onlardan 30230–u qızlardır. Bu metodika, həmçinin inklüziv tədrisin həyata keçirilməsini təmin edən təlim metodlarını özündə birləşdirir.
Tədbirdə layihənin rəhbəri Vəli Musayev bildirib ki, təlimlərdə iştirak edən ibtidai sinif müəllimlərinə sertifikatlar təqdim olunacaq. “TOPs” proqramı çərçivəsində fiziki tərbiyə fənnini tədris edən müəllimlərlə yanaşı, ibtidai sinif müəllimləri üçün də metodik təlimlər təşkil olunub. Təlimlər müddətində müəllimlərin bacarıqlarının artırılmasına və daha keyfiyyətli dərslərin tədrisinə nail olmaq üçün praktiki fəaliyyətlər həyata keçirilib və yeni tədris metodları izah olunub. Təlimlərdə müəllimlərə metodik tədris kartları da təqdim olunub. Bu kartlar milli fiziki tərbiyə kurikulumuna uyğun hazırlanıb və gündəlik planlaşdırmanı əvəz edir.
Təlim iştirakçısı, 52 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Vüsalə Musayeva deyib ki, “TOPs” proqramı fiziki məhdudiyyətli uşaqları dərslərə və idman oyunlarına necə cəlb etməli olduğumuzu da bizə öyrətdi. Bu bizim üçün gözəl təcrübə oldu. Müəllimlər mənimsədikləri müasir təlim üsulları ilə açıq dərslər keçəcək və idman festivalları təşkil edəcəklər.
Xatırladaq ki, Azərbaycanda “TOPs” proqramının tətbiqinə 2014-cü ildə pilot layihə kimi start verilib. 2014-2019-cu illəri əhatə edən dövr ərzində 489 ibtidai sinif və 1376 fiziki tərbiyə müəllimi yerli və xarici mütəxəssislər tərəfindən təlimlərə cəlb olunaraq sertifikat alıb.