DÜNYA
TÜRKİYƏNİN TURİZM ŞİRKƏTLƏRİ RUSİYADAKI BƏZİ DAİRƏLƏRİN ANTİTÜRK TƏBLİĞATINDAN NARAHATDIRLAR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Türkiyədəki turizm şirkətləri Rusiyanın bir sıra millətçi dairələrinin antitürk təbliğatı ilə əlaqədar tədbir görülməsi üçün ölkənin Xarici İşlər Nazirliyinə müraciət etmişlər.
Yazıçı Olqa Şirovanın Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskinin sifarişi ilə yazıldığı güman edilən “Türk eşqi, yaxud Şərqdə atəşli bir gecə” romanı qardaş ölkədə kəskin etiraz doğurmuşdur. Romanda Türkiyə müxtəlif yoluxucu xəstəliklərin dolaşdığı, vəhşi insanların yaşadığı bir ölkə kimi təsvir edilir. Kitabda guya tərtəmiz bir rus qızının 2-3 həftəlik Türkiyə səyahətindən sonra ölkəsinə çoxlu yoluxucu xəstəliklərlə qayıtması təsvir olunur.
Şirkətlər ötən il Türkiyəyə 1,6 milyon rus turistin gəldiyini bildirərək, bu cür təbliğat kampaniyalarının ölkənin turizm sektoruna ciddi ziyan vuracağından narahatlıqlarını ifadə etmişlər.