SİYASƏT
Tacikistan portalında Müstəqillik Günü ilə əlaqədar məqalə yerləşdirilib
Düşənbə, 28 may, AZƏRTAC
Tacikistanın “faraj.tj” portalında 28 May - Müstəqillik Günü ilə əlaqədar məqalə yerləşdirilib.
Portal yazır ki, mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yarandığı gündən 104 il ötür. 1918-ci il mayın 28-də Azərbaycanda müsəlman Şərqində ilk demokratik respublika yaranıb. AXC o çətin ictimai-siyasi dövrdə cəmi 23 ay fəaliyyət göstərsə də, Azərbaycan xalqının tarixində və bütün müsəlman dünyasında parlaq iz buraxdı. Təəssüf ki, çox keçmədən Cümhuriyyət xarici təcavüzə məruz qaldı və Azərbaycan dövlət müstəqilliyini itirdi.
Qeyd olunur ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan xalqı müstəqilliyini yenidən bərpa edib.
Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müasir Azərbaycanın inkişafı, müstəqilliyin qorunub saxlanılması və möhkəmləndirilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər 1993-cü ildə Azərbaycanda yenidən hakimiyyətə qayıdandan sonra ölkə müstəqilliyinin ilk illərində üzləşdiyi təhlükələrdən xilas oldu, bütün sahələrdə islahatlara başlandı.
Bildirilir ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Ulu Öndərin siyasətini uğurla davam etdirir.