REGİONLAR
Tanınmış yapon aliminin rəhbərlik etdiyi mütəxəssislər Bərdədə göz müayinəsi keçirib VİDEO
Bərdə, 26 may, Tahir Ağaməmmədov, AZƏRTAC
Tanınmış yapon alimi, “Fuji Optical” özəl şirkətinin rəhbəri Akio Kanai və 6 optometrist mütəxəssisdən ibarət heyət Azərbaycanda göz müayinəsi üzrə növbəti humanitar aksiyaya başlayıb.
AZƏRTAC xəbər verir ki, aksiya çərçivəsində mayın 24-dən 26-dək Bərdə rayonu ərazisində məcburi köçkünlərin məskunlaşdıqları 866 ailəlik yaşayış məhəlləsində göz müayinəsi həyata keçirilib. Humanitar aksiya zamanı 1567 nəfər müayinə olunub və onlara eynəklər paylanılıb.
Xeyriyyə aksiyasını rəğbətlə qarşılayan məcburi köçkünlər və aztəminatlı ailələr sağlamlıqlarına göstərdikləri qayğıya görə Akio Kanaiyə və “Fuci Optika” şirkətinin üzvlərinə təşəkkür ediblər.
Mayın 27-də isə Ağcabədidə məskunlaşan məcburi köçkünlər və aztəminatlı ailələr göz müayinəsindən keçiriləcəklər.
Qeyd edək ki, yardım proqramı BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəliyi və yerli hakimiyyət orqanları ilə əməkdaşlıq şəraitində reallaşdırılır. Builki humanitar aksiya “Fuci Optikal” şirkətinin ölkəmizdə sayca 12-ci belə missiyasıdır.