ELM VƏ TƏHSİL
Tarix Muzeyində Abbasqulu ağa Bakıxanova aid materiallar qorunur
Bakı, 21 iyun, AZƏRTAC
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi kitabxanasının Nadir kitablar fondunda elmin bir çox sahələrinə aid nadir kitablar mühafizə olunur. Dəyərli kitablardan biri də böyük mütəfəkkir Abbasqulu ağa Bakıxanovun “Fars dilinin qısa qrammatikası” kitabıdır.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, kitab 1841-ci ildə Tiflisdə nəşr olunub və 97 səhifədir. Əsər fars dilindən rus dilinə müəllifin özü tərəfindən tərcümə olunub. Kitab “Hərflər”, “Kəlmələr” və “Cümlə” adlanan üç fəsildən ibarətdir. Birinci hissədə fars dilində olan 32 hərf və onların yazılışı, tələffüzü, ifadə etdiyi səslər haqqında məlumat verilir. Əsərin ikinci fəslində nitq hissələrinin bölgüsü, üçüncü fəslində isə cümlə quruluşu və fars dilində işlənən ərəb sözlərinin izahı vеrilib. Fars dilinin qrammatikasını öyrənmək istəyənlər və klassik irsimizin tədqiqatçıları üçün dəyərli mənbə olan kitab muzeyin “Nadir kitablar fondunun biblioqrafik göstəricisi” (I cild,1728-1968) adlı kataloqda yer alıb.
Muzeyin kitabxanasında Abbasqulu ağa Bakıxanov dövrünü tədqiq etmək baxımından əhəmiyyətli sayılan bir sıra digər kitablar da qorunur.
Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri Səbuhi Əhmədov vaxtilə CBC televiziya kanalında “Azərbaycanlılar Rusiya tarixində” silsiləsindən “Bakıxanovlar. Şöhrətin salnaməsi” adlı sənədli filmdə iştirak edib. Film qardaşlar - Rusiya imperator ordusunun polkovniki, tarixçi alim Abbasqulu ağa Bakıxanov və həmin ordunun general-leytenantı Cəfərqulu ağa Bakıxanov haqqındadır.
1794-cü il iyunun 21-i Azərbaycan alimi, mütəfəkkir Abbasqulu ağa Bakıxanovun anadan olduğu gündür. XIX əsr Azərbaycan maarifçilərindən biri olan Abbasqulu ağa Bakıxanov “Gülüstani-İrəm” əsəri ilə Azərbaycan tarixşünaslıq elminin əsasını qoyub.