ELM VƏ TƏHSİL
Tarix Muzeyində “Həyat” qəzetinin atlas parça üzərində çap olunmuş ilk nömrəsi qorunur
Bakı, 7 iyun, AZƏRTAC
1905-ci il iyunun 7-də ilk nömrəsi çapdan çıxmış “Həyat” qəzeti mətbuat tariximizdə özünəməxsus cəhətləri ilə qalıb.
Milli Azərbaycan Tarixi Muzeyindən AZƏRTAC-a bildirilib ki, Sənədli mənbələr fondunda “Həyat” qəzetinin atlas parça üzərində çap edilmiş ilk nömrəsi və Hacı Zeynalabdin Tağıyevin mətbəəsində açıq qəhvəyi ipək parça üzərində çap edilmiş 89-cu nömrəsi qorunur (1906-cı il, 24 aprel). Qəzetin ilk nömrəsində ideya istiqamətləri, məqsədləri diqqətə çatdırılıb, milli məsələlər, ana dilinin inkişafı və maarifçiliyə dair problemlərə toxunulub.
“Həyat” qəzetinin təməlini quranlar Əlimərdan bəy Topçubaşov (naşir), Əhməd bəy Ağaoğlu (redaktor) və Əli bəy Hüseynzadə (redaktor) idi. Qəzetin nəşrini isə azərbaycanlı milyonçu, mesenat Hacı Zeynalabdin Tağıyev mailiyyələşdirib.
İlk nömrədə dərc olunmuş "Qəzetimizin məsləki" sərlövhəli məqalədə mətbuatın xalqın həyatında, cəmiyyətin inkişafında önəmi vurğulanıb: “İnsan üçün munis bir yoldaş, xeyirxah bir müəllim, nafiz bir məktəbdir, həm də zillətdə qalanlara doğru yolu, hidayət yolunu göstərir".
Azərbaycan türkcəsində nəşr olunmuş bu qəzet ilk gündən ziyalıların günün aktual mövzularına dair çıxış etdiyi tribunaya çevrilib. Eyni zamanda, Bakıda Azərbaycan türkcəsində qəzetin çıxması ermənilərin kəskin reaksiyasına səbəb olub.
“Həyat”ın ana dilində nəşr olunması qəzeti Azərbaycan cəmiyyətində olduqca populyar edib.