REGİONLAR
Tarix-diyarşünaslıq muzeyində keçirilən tarix dərsi şagirdlərin böyük marağına səbəb olub VİDEO
Beyləqan, 18 aprel, AZƏRTAC
18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Beyləqan rayon tarix-diyarşünaslıq muzeyində şagirdlər üçün tarix dərsi keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın qədim dövlətçilik tarixini əks etdirən açıq səma altında yaradılmış abidə muzey kompleksində keçirilən dərs şagirdlərin böyük marağına səbəb olub. Şagirdlər burada qədim Beyləqan ərazisində tapılmış daş abidələr, qəbir daşları, daşdan hazırlanmış qoç heykəllərinə, Örənqalanın (V-XIII əsrlər) kərpicdən hörülmüş maketinə maraqla baxıblar. Onlara Azərbaycan ərazisində mövcud olmuş qədim dövlətlər, eləcə də xanlıqlar dövrü, çar Rusiyasının işğalı, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması barədə ətraflı məlumatlar verilib.
Sonra tarix-diyarşünaslıq muzeyinə gələn şagirdlər rayon ərazisində aşkar edilən arxeoloji tapıntılar, qədim əmək alətləri və əşyalarla tanış olublar. Bildirilib ki, muzey qədim və qiymətli tarixi eksponatları, diyarın tarixini, mədəniyyətini, etnoqrafiyasını, məişətini, adət-ənənəsini, ictimai-siyasi həyatını, flora və faunasını konkret materiallar əsasında ziyarətçilərə çatdırır.
Daha sonra şagirdlər Gənclər Mərkəzində olublar. Onlara ermənilərin müxtəlif dövrlərdə Azərbaycan ərazilərində, o cümlədən Qarabağda məskunlaşdırılması, “böyük Ermənistan” yaratmaq ideyası ilə həyata keçirdikləri etnik təmizləmə siyasəti, kütləvi qırğınlar barədə məlumat verilib.