REGİONLAR
Tarix profilli muzeylər maddi-mədəni irsimizin toplanması və təbliğində əhəmiyyətli rol oynayır
Naxçıvan, 9 iyul, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə muzey əməkdaşları üçün “Tarix profilli muzeylərin maddi-mədəni irsimizin toplanması və təbliğində rolu” mövzusunda seminar-treninq olub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatun və Açıq Səma Altında Muzey Kompleksində keçirilən seminar-treninqdə çıxış edən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət və mədəni irs şöbəsinin müdiri Gülbuta Babayeva tədbirin əhəmiyyətini vurğulayıb.
Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru Fizzə Quliyeva “Tarix profilli muzeylərin maddi-mədəni irsimizin toplanması və təbliğində rolu” mövzusunda çıxışında qeyd edib ki, Rusiya imperiyasının XIX əsrin əvvəllərində güclənən işğalçılıq siyasəti xalqımıza məxsus maddi-mədəni irsin qarət edilməsinə, bir sıra qiymətli arxeoloji abidələrin Tiflis, Moskva, Sankt-Peterburq, eləcə də dünyanın digər muzeylərinə aparılmasına səbəb olub. Dövrün aydınları milli mədəniyyət nümunələrinin kolleksiyalarını toplamaqla onların qorunması və nümayişini rəsmiləşdirərək əbədiləşdirmək və muzey qaydalarına uyğun formada təşkilinə nail olmağa səy göstəriblər. Bu səylər Azərbaycanda ilk muzey mədəniyyətinin yaranmasına yol açıb. İlk muzeyin yaradıcılarından biri olan görkəmli Azərbaycan ədibi Cəlil Məmmədquluzadənin adı bu gün də böyük hörmətlə xatırlanır.
Bildirilib ki, 1920-ci ildə Bakıda Azərbaycan Dövlət Tarix Muzeyinin rəsmən yaradılması respublikada, o cümlədən qədim Naxçıvan diyarında da rəsmi muzeyin yaradılmasına səbəb olub. 1924-cü ildə Naxçıvanda ilk dəfə dövlət tərəfindən Tarix-Etnoqrafiya Muzeyi yaradılıb. Bu gün Naxçıvanda 30 muzey və muzey tipli müəssisə fəaliyyət göstərir. Bu muzeylərin bir hissəsi maddi-mədəni irsimizin toplanması və təbliğində əhəmiyyətli rolu olan tarix profilli muzeylərdir. Muxtariyyətin yaşıdı Naxçıvan Dövlət Tarix Muzeyi, rayon tarix-diyarşünaslıq muzeyləri, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi, Bayraq Muzeyi, “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi belə muzeylərdəndir.
Naxçıvan Muxtar Respublikasında muzeylərin fəaliyyəti, muzey xidmətinin təşkilinin diqqət mərkəzində saxlanıldığını diqqətə çatdıran Fizzə Quliyeva qeyd edib ki, bu gün Naxçıvanda yeni muzeylər yaradılır, mövcud muzeylər bərpa edilir, ekspozisiyaları zənginləşdirilir. Son iki ildə Şərur və Şahbuz rayon tarix-diyarşünaslıq muzeyləri üçün yeni bina inşa edilib, Cəmşid Naxçıvanski Muzeyinin binasında əsaslı təmir və yenidənqurma işləri aparılıb, ekspozisiyaları yenidən qurulub. Bütün bunlar muxtar respublika rəhbərinin mədəni irsimizin qorunmasına, muzey işinin inkişafına göstərdiyi diqqətin təzahürüdür.
Tədbirin sonunda ekspozisiyaya baxış olub.