SİYASƏT
Tbilisidəki Suxişvili Texniki Universitetində “Карабах: война идей” kitabının təqdimatı olub
Tbilisi, 18 oktyabr, AZƏRTAC
Oktyabrın 18-də Gürcüstandakı Suxişvili Texniki Universitetində özbək təhqiqatçısı Şuxrat Salamovun “Карабах: война идей” (“Qarabağ: ideyalar müharibəsi”) kitabının təqdimatı olub.
Universitetin prorektoru Ekaterina Suxişvili özbək tarixçi-publisistinin kitabının Gürcüstanda təqdimatının keçirilməsini yüksək qiymətləndirib. Bildirib ki, bu kitab müharibələrin başvermə səbəblərini öyrənməkdə tələbələr üçün yaxşı vəsait olacaq.
Sonra tarixçi alim, Qafqazın Geotarixi və Geosiyasi Araşdırmaları Beynəlxalq Mərkəzinin prezidenti Quram Marxuliya çıxış edərək deyib ki, son illər tarixçi alimlər münaqişələrin səbəbləri və acı nəticələri barədə müxtəlif elmi əsərlər, məqalələr və kitablar yazırlar. Şuxrat Salamovun bu təhqiqat əsəri müharibələrin başvermə səbəblərini açıqlayır. Müəllif kitabında Dağlıq Qarabağ münaqişəsindən bəhs etməklə yanaşı, ermənilərin bu münaqişəyə zaman-zaman necə hazırlaşdıqlarını, müharibə ideyasını necə təbliğ etdiklərini açıqlayır.
Q.Marxuliya kitabın həm dərslik, həm də təhqiqatçılar üçün zəngin məlumat mənbəyi olduğunu vurğulayıb.
Sonra kitabın müəllifi Şuxrat Salamov çıxış edərək deyib: “Erməni millətçiləri Azərbaycan torpaqlarında, Gürcüstanda, Özbəkistanda müxtəlif zamanlarda ağır cinayətlər, qırğınlar, terror aktları törədib, soyqırımları həyata keçiriblər. Lakin erməni vəhşiliklərinə bu günədək dünya ictimaiyyəti tərəfindən lazımi qiymət verilməyib və cinayətkarlar layiq olduqları cəzalarını almayıblar. Bu kitabda erməni daşnaklarının öz havadarlarının köməyi ilə necə ideyalar irəli sürdükləri, insanları ideoloji müharibəyə necə hazırladıqları barədə tarixi faktlar əksini tapıb”.
Diqqətə çatdırılıb ki, ermənilər Urartu dövlətinin də onlara məxsus olduğunu iddia edirlər. Amma tarixçilər sübut ediblər ki, o dövlətin ərazisində heç vaxt erməni olmayıb. Ermənilərin bu ideyası, tarixi saxtakarlıqları yeni-yeni münaqişələrə yol açır. Kitabın yazılmasının bir məqsədi də həmin ideyaların səhv olduğunu, erməni millətçilərinin müharibə ideologiyasının bəşəriyyət üçün təhlükəli olduğunu elmi ictimaiyyətə çatdırmaqdır.
Ş.Salamov deyib: “Bu gün müharibə ideologiyası ilə yanaşı sülh, mədəniyyətlərarası dialoq ideologiyası da var. Azərbaycan hazırda multikulturalizm ideologiyasını təbliğ edir, özünün sülhsevərliyini nümayiş etdirir. Biz bilirik ki, Azərbaycan ordusu qısa bir zamanda müharibə yolu ilə nəinki öz torpaqlarını işğaldan azad edər, hətta Yerevanı da ala bilər. Amma azərbaycanlılar uşaqları, dinc əhalini öldürməzlər. Mədəniyyətlərarası dialoqa, multikultural dəyərlərə üstünlük verən Azərbaycan sülhsevərliyi ilə dünyada tanınır”.
Mərasimdə müəllim və tələbələrin Qarabağ münaqişəsinin tarixi, səbəb və nəticələri, millətçilik, terror və digər cinayətlər barədə sualları cavablandırılıb.
Azərbaycan xalqını dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə təbrik edən müəllif Ş.Salamov jurnalistlərə müsahibəsində deyib: “Bu kitab vasitəsilə biz gürcü tələbələrə təkcə müharibə ideyasının yaranması və müharibələrə necə yol açması barədə deyil, həm də Dağlıq Qarabağ münaqişəsi barədə məlumat veririk. Düşünürəm ki, tələbələr kitabı oxuduqca erməni millətçilərinin gürcü və Azərbaycan xalqlarına qarşı törətdikləri cinayətlər barədə dəqiq məlumat əldə edəcəklər”.
Quram Marxuliya isə jurnalistlərə müsahibəsində deyib ki, gürcü ictimaiyyətinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə yetərincə məlumat çatdırılır. Bununla bağlı xeyli kitab çap olunub. Düşünürəm ki, bu gün təqdimatı keçirilən kitab tələbələrin və geniş ictimaiyyətin məlumatlanmasında mühüm vasitə olacaq”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi