Teatr Muzeyində tədbir - “Zamana qalib gələnlər!”
AzerTAg.az
Bakı, 10 mart, AZƏRTAC
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində “Zamana qalib gələnlər!” adlı tədbir təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan peşəkar teatrının yaradılmasının 150 illik yubileyi çərçivəsində Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi ilə birlikdə təşkil olunan tədbir Teatr Muzeyində qorunan səhnə sənətimizə dair eksponatlar üzərində aparılan bərpa işlərinə həsr olunub.
Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova çıxış edərək Azərbaycan teatrının zəngin tarixi haqqında məlumat verib.
Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin direktoru, Əməkdar mədəniyyət işçisi Zərifə Məlikova və digər mütəxəssislər Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin eksponatları üzərində aparılan bərpa işlərindən danışıblar.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrın direktor müavini Vəfa Mühacirovanın teatr tarixi ilə bağlı maraqlı çıxışından sonra tədbir boyu həmin teatrın aktyorları operettalardan parçalar ifa ediblər.
Daha sonra bu şərəfli sənətin yaranmasında, inkişafında böyük xidmətləri olan sənətkarların yaradıcılığını və muzey əşyalarının bərpadan əvvəlki, eləcə də sonrakı vəziyyətini əks etdirən videoçarxlar nümayiş olunub. Eyni zamanda həmin eksponatlardan ibarət açılan sərgiyə baxış keçirilib.








Xəbərin mətnində orfoqrafik səhv var