ELM VƏ TƏHSİL
Təhsil Nazirliyində “Səmərəli məktəb” layihəsinin hesabat iclası keçirilmişdir
Bakı, 11 fevral (AZƏRTAC). Təhsil Nazirliyində “Səmərəli məktəb” layihəsinin hesabat iclası keçirilmişdir.
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, iclasda nazir Misir Mərdanov Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə çərçivəsində nazirlik və “Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi” İctimai Birliyinin reallaşdırdığı “Səmərəli məktəb” layihəsi haqqında fikirlərini diqqətə çatdırmışdır. Nazir 2010-2012-ci illər ərzində həyata keçirilmiş layihənin əsas məqsədinin məktəblərdə idarəetmənin təkmilləşdirilməsi, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi sahəsində məktəb əsaslı təlimlər sisteminin yaradılması və məktəb-valideyn əlaqələrinin gücləndirilməsindən ibarət olduğunu xatırlatmışdır.
Layihədə Bakıdan 3, respublikanın digər şəhərlərindən 9 məktəb olmaqla, 12 təhsil müəssisəsinin iştirak etdiyini nəzərə çarpdıran M. Mərdanov onun 6 komponent üzrə həyata keçirildiyini söyləmişdir. Nazir həmin komponentlərə uyğun olaraq görülmüş işlərdən danışmışdır.
“Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi” İctimai Birliyinin təhsil siyasəti üzrə proqram direktoru, “Səmərəli məktəb” layihəsinin rəhbəri Elmina Kazımzadə layihə haqqında məlumat vermişdir.
“Səmərəli məktəb” layihəsinin əlaqələndiricisi Vəfa Yaqublu layihə çərçivəsində görülmüş işlərin nəticələrindən bəhs etmişdir.
Müvafiq təhsil müəssisələrinin direktorları fikirlərini açıqlamışlar.
M. Mərdanov pilot olaraq həyata keçirilən “Səmərəli məktəb” layihəsinin məktəbin davamlı inkişaf istiqamətlərinin müəyyən edilməsinə, ölkədə yaxşı məktəb modelinin formalaşmasına təkan verəcəyinə ümid etdiyini bildirmişdir. Layihədə iştirak etmiş məktəblərin əldə etdikləri təcrübədən digər təhsil müəssisələrinin də yararlanmasının əhəmiyyətinə toxunan nazir bunun həm tədrisin keyfiyyətcə yüksəldilməsi, həm də məktəb idarəçiliyinin təkmilləşdirilməsi baxımından uğurlu olacağına əminliyini söyləmişdir.
Sonra layihənin yekunlarına dair müzakirələr aparılmışdır.