RƏSMİ SƏNƏDLƏR


Təhsil Tələbə Krediti Fondunun NİZAMNAMƏSİ

Azərbaycan Respublikası
Prezidentinin 2021-ci il 17 iyun
tarixli Fərmanı ilə təsdiq edilmişdir

1. Ümumi müddəalar

1.1. Təhsil Tələbə Krediti Fondu (bundan sonra – Fond) təhsil tələbə kreditlərinin verilməsini təşkil edən qeyri-kommersiya hüquqi şəxsidir.

1.2. Fond Azərbaycan Respublikası Təhsil Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində fəaliyyət göstərir.

1.3. Fond öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları rəhbər tutur.

1.4. Fond öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən, dövlət və yerli özünüidarəetmə orqanları ilə, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.5. Fond ictimai faydalı məqsədlərə xidmət edən fəaliyyətlə məşğul olur. Fond bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.

1.6. Fondun ayrıca əmlakı vardır və Fond öz öhdəliklərinə görə bu əmlakla cavabdehdir. Fondun müstəqil balansı, bank hesabları, üzərində öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.

1.7. Fondun əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. Fond məhkəmədə iddiaçı və ya cavabdeh, habelə üçüncü şəxs qismində çıxış edir.

1.8. Dövlət Fondun öhdəlikləri üçün cavabdeh deyildir və Fondun fəaliyyəti ilə bağlı zərərə görə nizamnamə kapitalındakı payı həddində risk daşıyır. Fond dövlətin öz üzərinə götürdüyü hər hansı öhdəliyə görə cavabdeh deyildir.

1.9. Fond Bakı şəhərində yerləşir.

2. Fondun fəaliyyətinin məqsədi, vəzifələri və hüquqları

2.1. Fondun fəaliyyətinin əsas məqsədi təhsil tələbə krediti sistemini tətbiq etməklə təhsilə əlçatanlığı təmin etməkdən, təhsil almaqda bərabər imkanlar yaratmaqdan və təhsilin əhatə dairəsini genişləndirməkdən ibarətdir. Fond əhaliyə birbaşa təhsil tələbə kreditlərinin verilməsi ilə məşğul olmur.

2.2. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət məqsədinə uyğun olaraq Fondun vəzifələri aşağıdakılardır:

2.2.1. təhsil tələbə kreditlərinin verilməsini təşkil etmək;

2.2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydaya uyğun olaraq təhsil tələbə krediti üçün müraciət etmiş tələbələrə kredit ayrılması barədə qərar qəbul etmək;

2.2.3. təhsil tələbə kreditinin maliyyələşdirilməsi məqsədilə müvəkkil bankla müqavilə bağlamaq və tələb olunan vəsaiti müqavilədə nəzərdə tutulmuş müddətdə müvəkkil banka köçürmək;

2.2.4. “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə “Təhsil Tələbə Krediti” altsisteminin fəaliyyətini təmin etmək;

2.2.5. təhsil tələbə kreditləşməsi sahəsində likvidliyin təmin olunması, Fondun fəaliyyətinin inkişaf etdirilməsi, səmərəliliyinin və etibarlılığının yüksəldilməsi məqsədilə investisiyaların cəlb olunması üçün tədbirlər görmək;

2.2.6. Fondun fəaliyyətində riskləri azaltmaq məqsədilə risklərin idarə edilməsi sistemini formalaşdırmaq və tətbiqini təmin etmək;

2.2.7. mülkiyyətindəki (balansındakı) əmlakdan səmərəli istifadə olunmasını təmin etmək;

2.2.8. qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla fəaliyyətində elmi-texniki nailiyyətləri tətbiq etmək;

2.2.9. Fonda ayrılan büdcə vəsaitindən, kreditlərdən, qrantlardan və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

2.2.10. dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;

2.2.11. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və həmin informasiyanın daim yenilənməsini təmin etmək;

2.2.12. Fondda kadr hazırlığını təmin etmək, həmçinin mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görmək;

2.2.13. strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək;

2.2.14. fəaliyyətinin məqsədinə aid məsələlərlə bağlı islahatlar aparılmasına dair təkliflər hazırlayıb aidiyyəti üzrə təqdim etmək;

2.2.15. malların (işlərin və xidmətlərin) satın alınması üçün “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tədbirlər görmək;

2.2.16. fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş tədbirlər görmək;

2.2.17. bu Nizamnamə ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

2.3. Fondun aşağıdakı hüquqları vardır:

2.3.1. fəaliyyətinin məqsədinə aid məsələlərlə bağlı normativ hüquqi aktların layihələrinin hazırlanmasına dair təkliflər vermək;

2.3.2. müqavilə əsasında ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;

2.3.3. beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla və xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları), hüquqi və fiziki şəxsləri ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;

2.3.4. fəaliyyətinin məqsədinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qruplar və komissiyalar yaratmaq;

2.3.5. dövlət orqanlarına və qurumlarına, yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

2.3.6. fəaliyyətinin məqsədinə aid məsələlərlə bağlı analitik materiallar hazırlamaq, tədqiqatlar aparmaq və təkliflər vermək;

2.3.7. fəaliyyət məqsədinə uyğun olaraq konfranslar, müşavirələr, seminarlar keçirmək və digər tədbirlər təşkil etmək;

2.3.8. bu Nizamnamə ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

3. Fondun idarə olunması

3.1. Fond öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir.

3.2. Fondun idarəetmə orqanları Himayəçilik Şurası və İdarə Heyətidir.

3.3. Fondun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti Himayəçilik Şurası (bundan sonra - Şura) həyata keçirir.

3.4. Şuranın Azərbaycan Respublikası Təhsil Nazirliyinin (2 nəfər), Azərbaycan Respublikası Maliyyə Nazirliyinin (1 nəfər), Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (1 nəfər), Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin (1 nəfər), Azərbaycan Respublikası Mərkəzi Bankının (1 nəfər) və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (1 nəfər tələbə) nümayəndələrindən ibarət 7 (yeddi) üzvü vardır.

3.5. Şuranın üzvləri 3 (üç) il müddətinə təyin edilir və ictimai əsaslarla fəaliyyət göstərirlər. Şuranın üzvləri növbəti müddətə yenidən təyin edilə bilərlər.

3.6. Şuranın üzvlərini təmsil etdikləri orqanın (qurumun) rəhbəri təyin və azad edir.

3.7. Şuranın sədrini Nazirliyin Şurada təmsil edilən üzvləri arasından Azərbaycan Respublikasının təhsil naziri təyin edir.

3.8. Şuranın üzvləri Fondun digər orqanlarında təmsil oluna bilməzlər.

3.9. Bu Nizamnamə ilə Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası təhsil nazirinin səlahiyyətlərinə aid edilmiş məsələlər istisna olmaqla, Fondun fəaliyyəti ilə bağlı məsələlərə dair Şura qərar qəbul etməkdə müstəqildir.

3.10. Şura aşağıdakı vəzifələri yerinə yetirir:

3.10.1. Fondun strateji məqsəd və planlarını, inkişaf istiqamətlərini müəyyən edir;

3.10.2. Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, standart və sosial təhsil tələbə krediti üzrə illik faiz dərəcələrini, habelə hər tədris ili üçün təsdiq edilən tələbə qəbulunda nəzərdə tutulmuş ayrı-ayrı ixtisaslar üzrə ödənişli əsaslarla təhsilalana düşən illik təhsil haqlarının məbləği nəzərə alınmaqla, təhsil tələbə kreditinin məbləğinin yuxarı həddini təsdiq edir;

3.10.3. birinci tədris ilinin ilk semestri (yarımili) üçün tələbələrin standart təhsil tələbə krediti almaq hüququnu müəyyən edən tələbə qəbulu imtahanında toplanan ümumi balın minimal həddini təsdiq edir;

3.10.4. təhsil tələbə kreditinin maliyyələşdirilməsi ilə bağlı müvəkkil bank tərəfindən Fonda təqdim edilməli sənədlərin siyahısını müəyyən edir;

3.10.5. Fondun strukturunun, işçilərinin say həddinin və əməkhaqlarının müəyyən edilməsi ilə bağlı təkliflərini Nazirliyə təqdim edir;

3.10.6. Fondun kənar auditorunu təyin edir;

3.10.7. daxili və kənar auditor yoxlamalarının nəticələrinə baxır və bu yoxlamaların yekunları ilə əlaqədar tədbirlər görür;

3.10.8. aidiyyəti şəxslə əqd bağlanması haqqında qərar qəbul edir;

3.10.9. Fondun büdcəsi və xərclər smetası barədə təkliflərini Nazirliyə təqdim edir;

3.10.10. Fondun cari fəaliyyəti ilə bağlı bu Nizamnamə ilə İdarə Heyətinin səlahiyyətlərinə aid edilmiş məsələlərin icra vəziyyəti barədə rüblük hesabatı dinləyir;

3.10.11. Fondun kənar auditor rəyi ilə birlikdə illik hesabatını, habelə maliyyə hesabatlarını təsdiq edir;

3.10.12. Fondun vəsaitinin təyinatı üzrə xərclənməsinə nəzarəti həyata keçirir;

3.10.13. fəaliyyət məqsədinə uyğun olaraq dəstəklənməsi prioritet hesab edilən sahələr barədə təkliflərini Nazirliyə təqdim edir;

3.10.14. Şuranın və İdarə Heyətinin üzvlərinin müraciətlərinə baxır və qərar qəbul edir;

3.10.15. Fondun fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı Nazirliyə təkliflər verir;

3.10.16. Fondun cari fəaliyyəti ilə bağlı bu Nizamnamə ilə müəyyən edilmiş digər məsələləri həll edir.

3.11. Şuranın iclaslarını üç ayda bir dəfədən az olmayaraq Şuranın sədri çağırır və iclaslara sədrlik edir. Şuranın iclaslarının çağırılması təşəbbüsü ilə Şuranın üzvləri və İdarə Heyətinin üzvləri çıxış edir.

3.12. Şuranın dəvəti ilə onun iclaslarında Fondun digər vəzifəli şəxsləri də iştirak edə bilərlər.

3.13. Şuranın iclasları Şura üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Şuranın sədri, o olmadıqda isə Şura sədrinin müəyyən etdiyi Şuranın digər üzvü iclasa sədrlik edir. Şuranın iclasında hər üzvün bir səsi olmaqla, qərarlar açıq səsvermə yolu ilə sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslər bərabər olduqda, sədrin səsi həlledicidir. Şuranın iclaslarının nəticəsi Şura üzvlərinin imzaladıqları protokolda əks olunmaqla rəsmiləşdirilir.

3.14. Şura bu Nizamnamə ilə onun müstəsna səlahiyyətlərinə aid edilmiş məsələlərin həllini İdarə Heyətinə həvalə edə bilməz.

3.15. Şuranın sədri:

3.15.1. Şuranın işini təşkil edir və onun fəaliyyətinə rəhbərlik edir;

3.15.2. Şuranın iclaslarının gündəliyini müəyyənləşdirir, iclaslar çağırır və iclaslara sədrlik edir;

3.15.3. öz təşəbbüsü ilə, habelə Şuranın hər hansı digər üzvünün və ya İdarə Heyəti sədrinin xahişi əsasında digər şəxsləri Şuranın iclasında iştirak etməyə dəvət edir;

3.15.4. Şuranın fəaliyyətinin təşkili ilə bağlı digər tədbirlər görür.

3.16. Şuranın üzvləri:

3.16.1. Şuranın səlahiyyətlərinə aid məsələlərin həllində iştirak edirlər;

3.16.2. Şuranın iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olurlar;

3.16.3. Şurada qəbul ediləcək qərarlara dair fikir bildirirlər;

3.16.4. Şuranın səlahiyyətlərinə aid məsələlərə Şuranın iclaslarında baxılması barədə təkliflər verirlər;

3.16.5. Şuranın qərarları, iclas protokolları ilə və digər sənədlərlə tanış olurlar.

3.17. Şuranın üzvləri Şuranın iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, Şuranın üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidirlər, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsində müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.

3.18. Fondun fəaliyyətinə cari rəhbərliyi İdarə Heyəti həyata keçirir.

3.19. İdarə Heyəti 3 üzvdən – Azərbaycan Respublikasının təhsil naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyətinin sədrindən və onun iki müavinindən ibarətdir.

3.20. Şuranın üzvləri İdarə Heyətinə təyin edilə bilməzlər.

3.21. İdarə Heyəti aşağıdakı vəzifələri yerinə yetirir:

3.21.1. Fondun cari fəaliyyətini təşkil edir;

3.21.2. Fondun illik fəaliyyət planını Şura ilə razılaşdırmaqla təsdiq edir;

3.21.3. təsisçinin səlahiyyətlərini həyata keçirmək üçün Şuraya və Nazirliyə təkliflər verir və sənədlər təqdim edir;

3.21.4. təhsil tələbə krediti üzrə kreditin məbləğinin və kredit faizlərinin müəyyən edilməsi üçün Şuraya təkliflər verir;

3.21.5. Fondun büdcəsini və xərclər smetasını, habelə fəaliyyətinə dair illik hesabatı, maliyyə hesabatını hazırlayır və təsdiq üçün Şuraya təqdim edir;

3.21.6. bu Nizamnamə ilə müəyyən edilmiş vəzifələri həyata keçirmək üçün Şuraya digər təkliflər verir və sənədlər təqdim edir;

3.21.7. Fondun işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməkhaqqı fondu çərçivəsində təşkil edir;

3.21.8. Fondun maliyyə-təsərrüfat fəaliyyətinin daxili auditinin keçirilməsi ilə bağlı qərar qəbul edir;

3.21.9. Fondun fəaliyyətinin təkmilləşdirilməsi və inkişafı ilə bağlı Şuraya təkliflər verir;

3.21.10. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Şuranın və İdarə Heyəti sədrinin səlahiyyətlərinə aid edilməyən bütün digər məsələlər barədə qərar verir.

3.22. İdarə Heyətinin iclasları ayda bir dəfədən az olmamaqla keçirilir və İdarə Heyəti üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. İdarə Heyətinin iclasında qərarlar açıq səsvermə yolu ilə sadə səs çoxluğu ilə qəbul olunur. Səslərin sayı bərabər olduqda, İdarə Heyəti sədrinin (və ya onu əvəz edən sədr müavininin) səsi həlledicidir. İdarə Heyətinin iclaslarının nəticəsi bu Nizamnamənin 3.13-cü bəndində nəzərdə tutulmuş qaydada protokollaşdırılır.

3.23. İdarə Heyətinin sədri aşağıdakı vəzifələri yerinə yetirir:

3.23.1. Fondun cari fəaliyyətinə rəhbərlik edir və onu təmsil edir;

3.23.2. İdarə Heyətinin digər üzvləri, habelə Fondun digər vəzifəli şəxsləri arasında səlahiyyət bölgüsü aparır və onların fəaliyyətini əlaqələndirir;

3.23.3. İdarə Heyətinin fəaliyyətini təşkil edir və iclaslarına sədrlik edir;

3.23.4. Fondun səmərəli fəaliyyət göstərməsini təmin edir;

3.23.5. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Fondun ştat cədvəlini təsdiq edir;

3.23.6. öz təşəbbüsü ilə, İdarə Heyətinin digər üzvünün və ya Şuranın təşəbbüsü ilə İdarə Heyətinin iclaslarını çağırır;

3.23.7. bu Nizamnamədə Azərbaycan Respublikası təhsil nazirinin səlahiyyətlərinə aid edilmiş hallar istisna olmaqla, Fondun digər işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, qanunda nəzərdə tutulmuş qaydada həvəsləndirmə və intizam tənbehi tədbirləri tətbiq edir;

3.23.8. Fondun işçilərinin sosial müdafiəsinin və əmək şəraitinin yaxşılaşdırılması, əməyinin mühafizəsi ilə bağlı tədbirlər görür;

3.23.9. Fondun fəaliyyətinin məqsədinə aid məsələlərlə bağlı qəbul olunmuş aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;

3.23.10. Fondun fəaliyyətinin təşkili ilə bağlı icrası məcburi olan daxili sərəncam və əmrlər verir;

3.23.11. fəaliyyətinin məqsədinə uyğun olaraq dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün tədbirlər görür;

3.23.12. Fondun fəaliyyətinin kənar auditinin keçirilməsi ilə bağlı Şuranın qərarının icrasını təmin edir;

3.23.13. Fondun adından əməliyyatlar aparır, müqavilələr (o cümlədən xarici şirkətlərlə) bağlayır və onların yerinə yetirilməsini təmin edir;

3.23.14. fəaliyyətinin məqsədinə uyğun olaraq komissiyalar, komitələr və işçi qruplar yaradır;

3.23.15. Fondun vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

3.23.16. işçilərin peşəkarlıq səviyyəsinin artırılmasını təmin edir;

3.23.17. Fondda kargüzarlıq və arxiv işinin aparılmasını təmin edir;

3.23.18. Fondda vətəndaşların qəbulunu və müraciətlərinə baxılmasını təmin edir.

3.24. Fondun İdarə Heyətinin sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərinin icrasını, İdarə Heyəti sədrinin təsdiq etdiyi vəzifə bölgüsünə əsasən onun müavinlərindən biri həyata keçirir.

3.25. İdarə Heyətinin üzvləri:

3.25.1. İdarə Heyətinin səlahiyyətlərinə aid olan məsələlərin həllində iştirak edirlər;

3.25.2. İdarə Heyətinin iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olurlar;

3.25.3. İdarə Heyətinin qəbul ediləcək qərarlarına dair fikir bildirirlər;

3.25.4. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərə İdarə Heyətinin iclaslarında baxılması barədə təkliflər verirlər;

3.25.5. İdarə Heyətinin qərarları ilə, iclas protokolları ilə və digər sənədlərlə tanış olurlar.

3.26. İdarə Heyətinin üzvləri İdarə Heyətinin iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, İdarə Heyəti üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidirlər, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsində müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.

4. Fondun nizamnamə kapitalı, əmlakı və maliyyə
fəaliyyətinin əsasları

4.1. Fondun nizamnamə kapitalının məbləği 80,0 (səksən) milyon manatdır.

4.2. Fondun əmlakı nizamnamə kapitalından, təsisçinin verdiyi əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır.

4.3. Fond öz əmlakından yalnız bu Nizamnamə ilə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Fond balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirir.

4.4. Fond qanunda nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra Fondun fəaliyyətindən əldə edilmiş vəsait üzərində müstəqil sərəncam vermək hüququna malikdir.

4.5. Fond sərbəst pul vəsaitindən yalnız aşağıdakı istiqamətlər üzrə istifadə edir:

4.5.1. Fondun saxlanılması xərclərinin maliyyələşdirilməsi;

4.5.2. təhsil tələbə kreditlərinin maliyyələşdirilməsi;

4.5.3. dövlət qiymətli kağızlarının əldə olunması;

4.5.4. beynəlxalq reytinq agentlikləri tərəfindən ölkə üzrə verilmiş reytinqdən maksimum iki pillə aşağı olan banklarda depozitlərin yerləşdirilməsi.

4.6. Fond ləğv edildikdə onun borclarının ödənilməsindən sonra qalan əmlakı Fondun nizamnaməsində göstərilən məqsədlərə, bu mümkün olmadıqda isə dövlət büdcəsinə yönəldilir.

5. Fondun fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi

5.1. Fondun fəaliyyətinə nəzarəti Nazirlik, həmçinin bu Nizamnamə ilə müəyyən edilmiş qaydada Fondun Himayəçilik Şurası və İdarə Heyəti həyata keçirirlər.

5.2. Fondun fəaliyyətinin kənar auditi Şuranın, daxili auditi isə İdarə Heyətinin qərarı ilə həyata keçirilir.

5.3. Eyni kənar auditorla ardıcıl 3 (üç) ildən artıq müddətə müqavilə bağlamaq olmaz.

6. Uçot və hesabat

6.1. Fond “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mühasibat uçotunu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.

6.2. Fond “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik uçot aparır, statistik hesabatları tərtib və təqdim edir.

6.3. Fond öz əmlakından istifadə haqqında hesabatları hər il dərc edir.

6.4. Fondun fəaliyyətinə dair illik hesabat Nazirliyə təqdim edilir.

7. Fondun yenidən təşkili və ya ləğv edilməsi

Fondun ləğvini və yenidən təşkilini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri